Cəlilabadda DƏHŞƏTLİ CİNAYƏT – Rahib qonşusunu güllələdi

Martın 29-da saat 13 radələrində Cəlilabad rayonu, Hacıcavad kənd sakini, 1952-ci il təvəllüdlü Əmirov Sabir Xankişi oğluna odlu silahdan açılan atəşlə bədən xəsarətinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Məmmədov Rahib Adış oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sabir Əmirovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.