Apteklərdə dərmanlar niyə sürətlə bahalaşır? — AÇIQLAMA/VİDEO
Son dövrlər dərman preparatlarının qiymətində müşahidə olunan artım vətəndaşlar arasında ciddi narahatlığa səbəb olub.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən əczaçı-ekspert Qalib Məmmədov bahalaşmanın bir neçə əsas səbəbini açıqlayıb.
Ekspertin sözlərinə görə, Tarif Şurası hər rübdə dərman preparatlarının qiymətlərinə yenidən baxır. Bu proses zamanı bəzi dərmanların qiyməti artır, bəzilərininki isə enir:
“Tarif Şurası ümumi qiymət siyasətinə yenidən baxıb və müvafiq məlumatlar qurumun rəsmi saytında yerləşdirilib. Qiymət tənzimlənməsi nəticəsində təxminən 130–150 adda dərman preparatının qiymətində dəyişiklik müşahidə olunub. Bu siyahıda həm bahalaşan, həm də qiyməti 2–5 manat civarında aşağı düşən preparatlar var”.
Qalib Məmmədov dərmanların qiymət artımında qlobal iqtisadi faktorların da mühüm rol oynadığını vurğulayıb:
“Dünyada baş verən müharibələr, xammal qıtlığı və beynəlxalq gərginlik dərman bazarına birbaşa təsir göstərir. Bu amillər inflyasiyanın artmasına, bəzi dərman preparatlarının tapılmamasına və daşınma zəncirində problemlərin yaranmasına səbəb olur”.
Ekspertin fikrincə, dərman preparatlarının əsasən xaricdən idxal olunması ölkəni xarici bazardan asılı vəziyyətə salır ki, bu da qiymətlərə nəzarəti çətinləşdirir. O qeyd edib ki, yerli istehsalın inkişafı və sağlam rəqabət mühitinin formalaşması xaricdən gətirilən dərmanların da qiymətinin ucuzlaşmasına şərait yarada bilər.
Ətraflı videomaterialda:
Samir Məcid












