Saray çevrilişi, yoxsa ABŞ əməliyyatı? – Maduronu ən yaxın adamları necə qurban verdi?
“Venesuela prezidenti daxildəki xəyanətin qurbanı oldu”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Venesuela prezidenti Nikolas Maduronun saraydaxili çəkişmələr nəticəsində ABŞ tərəfindən əsir götürülməsi ehtimalını şərh edərkən maraqlı məqamlara toxunub:
“ABŞ yüksək kəşfiyyat imkanlarına və xüsusi təyinatlı qüvvələrə malikdir. Əməliyyatı həyata keçirən ‘Delta Force’ qrupu Amerikanın ən elit bölməsi hesab olunur. Onlar bu tipli əməliyyatlarda yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirən qüvvələrdir. Belə bir əməliyyatın keçirilməsində qeyri-adi heç nə yoxdur. Lakin az sayda hərbçi ilə qısa müddətdə belə yüksək dəqiqlikli əməliyyatın aparılması müəyyən suallar doğurur. Maduronun cəmi bir neçə saat ərzində bu qədər rahatlıqla ABŞ-a aparılması təkbaşına atılacaq bir addım deyil. Təbii ki, burada yüksək peşəkarlıqdan əlavə, daxili xəyanət faktoru da istisna edilmir”.
T. Rzayev qeyd edib ki, Maduronun daxili siyasəti ona qarşı böyük bir kütlənin formalaşmasına səbəb olmuşdu:
“Maduro tipik avtoritar lider idi. Onun adı narkotik və silah qaçaqmalçılığı kimi ağır cinayətlərdə hallanırdı. Ölkə daxilində apardığı repressiyalar ona qarşı ciddi narazılıq yaratmışdı. Adətən belə rejimlərdə korrupsiya və rüşvət halları pik həddə çatır, dövlət elitası zənginləşdiyi halda xalq səfalət içində yaşayır. Belə vəziyyətlərdə həm xalq ayaqlanmaları, həm də elitalararası mübarizə qaçılmaz olur. Təcrübə göstərir ki, bu tipli ölkələrdə güclənən elitalar iqtidarı ələ keçirmək üçün hər şeyə gedirlər. Hesab edirəm ki, Venesuelada da baş verən məhz budur”.
Politoloq iddia edir ki, Maduronu ən yaxın adamları öz səhvlərinə qurban veriblər:
“Maduronu konkret olaraq satdılar. O, xəyanətə uğradı və bunu böyük ehtimalla ən yaxın adamları etdi. Hakimiyyət elə bir yerdir ki, nə qədər yaxın olsan da, bir nöqtədən sonra maraqlar toqquşur və gözlər iqtidara dikilir. Delsi Rodrigesin bu məsələdə birbaşa iştirakının olub-olmadığını demək çətindir, lakin hakim elita daxilində belə bir planın olması tamamilə məntiqlidir. Bu, avtoritar rejimlər üçün xarakterik haldır. Əsas məsələ Maduronun buraxdığı strateji səhvlərdir. O da Qəddafi və Hüsni Mübarək kimi ABŞ ilə açıq toqquşmaya girdiyi üçün nəticə etibarilə bu aqibətlə üzləşdi”.
Nurlan Cəfəri












