Svetofor qoymaqla iş bitmir: “Skuter sürənlər üçün avtoxuliqanlıq maddəsi tətbiq edilə bilər”
Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə yol infrastrukturunda yeniliklər həyata keçirilib.
Paytaxtın 47 yolayrıcında svetoforlara ümumilikdə 115 velosiped bölməsi quraşdırılıb. Məqsəd velosiped, skuter və digər mikromobil nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək, mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında görülən işləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu addım hərəkət iştirakçılarının davranışlarını tənzimləmək baxımından vacibdir:

“Bu, öz-özlüyündə yaxşı nəticədir. Çünki hər bir hərəkət iştirakçısının hərəkətinin tənzimlənməsinə ciddi ehtiyac var. Əgər skuter, velosiped, moped sürəni, eləcə də piyadanı nəzarətsiz buraxsaq, yolda xaos yaranar. Nəqliyyat növləri arasında bölgü aparılıbsa, hər kəs üçün ayrıca zolaq və hərəkət hissəsi ayrılıbsa, həmin hissələrdə hərəkət mütləq tənzimlənməlidir”.
Ekspert vurğulayıb ki, yol hərəkətində yalnız bir nəqliyyat növünə üstünlük verilməsi düzgün deyil; bütün iştirakçılar qarşılıqlı şəkildə tənzimlənməlidir:
“Avtomobilin qarşısını kəsib yalnız velosipedə və ya skutera üstünlük vermək olmaz. Eyni zamanda, skuterin qarşısını kəsib ancaq avtomobilə üstünlük vermək də düzgün deyil. Bunların hamısı, o cümlədən piyadaların hərəkəti qarşılıqlı şəkildə tənzimlənməlidir”.
E. Muradlı əsas problemin qaydalara əməl edilməməsində olduğunu bildirib. Onun sözlərinə görə, praktika göstərir ki, bir çox skuter və velosiped sürücüsü qırmızı işıqda dayanmağa məhəl qoymur:
“Bu qurğular quraşdırılır, vasitələr tətbiq olunur, amma onlara əməl edilməsi məsələsi bizi narahat edir. Skuter sürənlərin çoxu sağa-sola baxıb maşın görməyəndə qırmızı işıqda keçir. Halbuki onların da məsuliyyəti var və olmalıdır. Lakin bu məsuliyyətin necə tətbiq olunacağı hələ də sual altındadır”.
Ekspert xatırladıb ki, vaxtilə moped sürücüləri ilə bağlı da oxşar problemlər yaşanıb və nəticədə qanunvericilikdə ciddi dəyişikliklər edilib:
“Dəfələrlə xəbərdarlıq olundu, lakin qaydalar pozulmağa davam etdi. Sonda Milli Məclis qərar qəbul etdi, Prezident təsdiqlədi və moped sürücüləri üçün sürücülük vəsiqəsi, qeydiyyat nişanı, hətta avtoxuliqanlıq maddəsi ilə cəzalar tətbiq olundu. Məqsəd intizam yaratmaq idi”.
Onun fikrincə, son dövrlər skuter və velosipedlə bağlı baş verən qəzalar, xüsusilə də yeniyetmə və gənclərin həyatını itirməsi ciddi xəbərdarlıq siqnalıdır:
“Bu vasitələr insanların həyat və sağlamlığını qorumaq üçün dövlətin milyonlarla vəsaiti hesabına tətbiq olunur. Amma təəssüf ki, bir çox hallarda qaydalara əməl edilmir. Daha diqqətli olmaq lazımdır”.
Samir Məcid












