Jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.
Yenicag.az xəbər verir ki, artıq məhkəmənin vaxtı məlum olub. Proses martın 4-də hakim Rəşad Abdulovun sədrliyi ilə start götürəcək.
Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə təqsirləndirilir. Ali Məhkəməyə kassasiya şikayətini jurnalist təqdim edib. Cəmil Məmmədli şikayətində 178.2.4-cü maddə üzrə bəraət hökmünün çıxarılmasını, 221.2.2-ci maddəyə gəlincə isə əməlin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif edilməsini istəyir.
Cəmil Məmmədli 2023-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.
182.2.1 və 182.2.2-ci maddələri ilə bəraət alan jurnalist digər maddələrlər təqsirli bilinirək, 6 il 12 gün müddətində azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Cəmil Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, peşə faəliyyətinə görə həbs edildiyini bildirir. /qaynarinfo
www.yenicag.az