Cənubi Azərbaycan kürd separatizminin oyununa gəlmir: Pezeşkiyanı devirmək planı masadadır?
“Cənubi Azərbaycan şəhərləri kürdlərin etiraz aksiyalarında iştirak etmək istəmirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Kənan Rövşənoğlu bildirib.

Politoloq İranda davam edən etiraz aksiyalarında Cənubi Azərbaycan şəhərlərinin kütləvi şəkildə iştirak etməməsinin pərdəarxası səbəblərini izah edib:
“İlk gündən aydındır ki, İranda hazırda davam edən aksiyalara azərbaycanlılar kütləvi şəkildə qatılmır. Ən azı Azərbaycan vilayətlərində – Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda etiraz aksiyaları zəifdir. Əlbəttə, sosial narazılıq digər qruplar arasında olduğu kimi, azərbaycanlılar arasında da mövcuddur. Sanksiyalar nəticəsində İran valyutası dəyərdən düşür, iqtisadi vəziyyət pisləşir; bu, azərbaycanlılara da təsir edir.
Lakin soydaşlarımızın kütləvi etirazlar təşkil etməməsi, düşünürəm ki, həm etnik, həm də siyasi amillərlə bağlıdır. Aksiyaların həm də Prezident Pezeşkiyanı hədəfə alması ehtimalı azərbaycanlıları bir qədər çəkindirib; onlar həmyerlilərinə qarşı kütləvi etirazlarda yer almaq istəmirlər. Bu, ilk baxışdan qəribə görünə bilər, amma nəzərə almaq lazımdır ki, 2024-cü ildə Pezeşkiyan daha çox etnik qrupların, xüsusilə də azərbaycanlıların səsi ilə prezident seçildi.
İkinci amil ondan ibarətdir ki, etirazlar sosial şüarlarla başlasa da, çox tezliklə siyasi separatizm meyllərinə çevrildi və indi əsasən kürd rayonlarında güclü şəkildə davam edir. Kürdlərin ön planda olması bu etirazların separatizm hərəkatına çevrilməsi riskini yaradır ki, bu da azərbaycanlıları kütləvi aksiyalardan çəkindirən əsas faktorlardandır.”
Nurlan Cəfərli












