Cənubi Qafqazda "can çəkişən" Rusiya: Kreml öz sonunu özü gətirir - TƏHLİL
Lavrov bu gün Zəngəzur dəhlizi ilə bağlı “zəruri əlavə”lər haqqında danışıb və bu açıqlamaları bəzi siyasətçilər və media qurumları ictimai rəydə Rusiyanın prosesə mane ola biləcək gücü haqqında rəvayətlərlə şərh edirlər.
Tam tərsi.
Ərdəbillilərin şirin ləhcəsi ilə desək, bu “pəlitolix”lara qısa cavabım:
Moskva artıq “Zəngəzur dəhlizi”ni birbaşa dayandıra biləcək qabiliyyətdə deyil, ancaq prosesi müəyyən qədər gecikdirmə və ya maliyyə-siyasi dəyərini artırma alətlərinə hələlik azacıq sahibdir.
Niyə dayandıra bilməz? Çünki hüquqi çərçivə Rusiyaya veto haqqı vermir.
2020-ci ildə imzalanmış üçtərəfli bəyanat (maddə 9) “bölgədəki bütün nəqliyyat xətlərinin açılmasını” və Qərbi Azərbaycan ilə Naxçıvan arasındakı xətlərin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin olunmasını, texniki “nəzarətin” isə Rusiya FTX sərhəd mühafizəçiləri tərəfindən aparılmasını nəzərdə tuturdu.
Yəni Rusiya “icazə verən tərəf” deyil, nəzarət və müşahidə funksiyası olan bir aktor idi. Bu mətn belə Rusiyaya birtərəfli “dayandırma” səlahiyyəti vermir.
İkincisi, rus hərbi bazaları Qafqazda azalan xətlə gedir və sərhəd varlığı azalır.
Hətta 2020-ci ildə “sülhməramlı” kimi bura soxulan rus əsgəri 2024-cü ilin aprelində Qarabağdan çıxdı. Bu, Moskvanın sahədəki təsir imkanlarını xeyli azaltdı. Bundan əlavə, Ermənistan Zvartnots Hava Limanındakı Rusiya sərhəd mühafizəçilərinin çıxarılmasını rəsmən tələb etdi və həyata keçirdi, bəzi nöqtələrdə Rusiya sərhəd varlığının azaldılması üzərində də razılaşma əldə olundu.
Bu, nəqliyyat xətlərinin açılması prosesində Rusiyanın “qapı gözətçisi” rolunu daha da zəiflədir və zəiflədəcək də!
Nəhayət, İrəvanın Bakı və Ankara ilə vasitəçisiz münasibətləri inkişaf etdirməsi Moskvanın manevr imkanını daraldır.
Baş nazir Paşinyan Rusiyaya etibar edilə bilməyəcəyini və KTMT-dən çıxmaq niyyətini açıq şəkildə ifadə etdi. Bu siyasi qopma Rusiyanın Ermənistan vasitəsilə prosesləri blok etməsini çətinləşdirir.
Nəhayət, ən ciddi qlobal faktor: Azərbaycan–İran üzərindən “Araz dəhlizi” avtomobil/dəmir yolu bağlantısını alternativ bir marşrut kimi inkişaf etdirə biləcəyini də xüsusi olaraq gündəmə gətirməklə bu xəttin işə düşəcəyi təqdirdə, Rusiyanın Zəngəzur üzərindəki təsir dəyərini də aşağı sala biləcəyini göstərdi.
Qısacası, Araz xətti kimi alternativlərin işə düşməsi Rusiyanın Zəngəzur təsirini daha da azaldacaq.
Yəni bu gün Moskvanın əlində qalan “gecikdirmə” alətləri ciddi resurs deyil. Uzaqbaşı, Lavrovun və ya Zaxarovanın üslubu ilə diplomatik təzyiq edə və təbliğat apara bilərlər.
Qısacası, Lavrovun çıxışı Moskvanın prosesi yönləndirmə və yubatma cəhdinin bir parçası kimi oxunmalıdır. Ancaq mövcud qüvvə balansı – yəni Rusiyanın artıq hərbi sahədəki varlığının azalması, hüquqi zəmində veto haqqının olmaması, Ermənistanın yeni siyasi xəttinin Moskvadan uzaqlaşması faktorlarını daha doğru oxumaq lazımdır.
Anar Əsədli,
Siyasətçi