Ceyhun Bayramovun İran səfəri: Tehrana təhlükəsizlik qarantiyasımı veriləcək?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sabah İrana səfəri gözlənilir.

Yenicag.az  xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə dünən keçirdiyi mətbuat konfransında deyib.

Gözlənilən səfər çərçivəsində diqqəti cəlb edən əsas detal Xarici İşlər nazirinin öz həmkarı Məhəmməd Cavad Zəriflə və prezident Həsən Ruhani ilə yanaşı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali dini rəhbərin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əli Şəmxani və ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşünün nəzərdə tutulmasıdır. Məhəmməd Baqir Qalibafın İranın əsas hərbi-təhlükəsizlik orqanı sayılan SEPAH-da yetişmiş birisi olması və bu qurumun ən yüksək postlarında xidmət göstərməsini nəzərə alsaq, Ceyhun Bayramovun bu səfərinin diplomatik xarakterdən çox, təhlükəsizlik məsələsi ilə bağlı olacağı şübhə doğurmur. Zənnimizcə, bu səfər çərçivəsində İran Xarici İşlər naziri və prezidenti ilə görüşlər sadəcə protokol xarakteri daşıyır və əsas söhbətlər ölkənin təhlükəsizlik şefləri ilə aparılacaq. Bu fakt İranda baş diplomata və prezidentə çox da güvənilmədiyini, bir növ, müvəqqəti hakimiyyətin təmsilçisi kimi  görüldüklərini və mümkün olduğu qədər ciddi məsələlərin onlardan gizli tutulduğunu göstərir.

Sözsüz ki, “çiçəyi burnunda” nazirimizin Azərbaycanın milli təhlükəsizlik strategiyası və uzun illərdən bəri bu istiqamətdə yürüdülən siyasət barədə müfəssəl bilgiyə malik olduğunu düşünmək də sadəlövhlük olardı. Görünür, o, sadəcə Azərbaycan prezidenti və onun təhlükəsizlik müşavirləri tərəfindən hazırlanmış təlimatları görüşəcəyi İran rəsmilərinə çatdıracaq və onların mesajını, konkret məsələlərə dair təkliflərini və münasibətlərini öyrənib Bakıya qayıdacaq. Başqa sözlə desək, bu səfər coğrafiyamızda yaranmış yeni geopolitik reallıqda İranla Azərbaycan arasındakı diplomatik və hərbi-təhlükəsizlik əməkdaşlığının ilk addımı olacaq. Ümumi prinsiplərin müəyyənləşdiriləcəyi səfərdən sonra hərbi-təhlükəsizlik orqanlarının rəhbərlərinin görüşlərinin başlayacağını indidən söyləmək mümkündür.

O da təsadüfi deyil ki, Azərbaycanın Xarici İşlər İşlər naziri İran səfərindən iki gün əvvəl, yəni dünən İsrailli həmkarı Qabi Aşkenazi telefonla danışıb. Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, “nazirlər bölgədəki vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıb və sülhün, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün birgə bəyanatın icra edilməsinin vacibliyini vurğulayıblar”. Rəsmi açıqlamada açıq deyilməsə də, böyük ehtimalla, Ceyhun Bayramovun İran səfəri də müzakirələrin əsas mövzusu olub.

Sual oluna bilər: İranın və Azərbaycanın yerləşdiyi geo-siyasi məkanda nə dəyişilib ki, tərəflər yenidən öz mövqelərini müəyyənləşdirməyə gərək görürlər?
 
Dəyişilən ilk status-kvo İranın şimal sərhədlərinin ötəsində baş verən hadisələrlə bağlıdır. Bu zamanadək Azərbaycanın İranla sərhəddinin mühüm hissəsini işğal edən ermənilər ordumuzun ağır yumruğu altında geri çəkildi və sərhədlərimizə nəzarət bərpa olundu. Üstəlik, rus ordusunun Dağlıq Qarabağla yanaşı İran-Ermənistan sərhədlərini də öz nəzarətinə götürməsi və bu ərazidə Naxçıvan dəhlizinin yaranması bu iki qonşu arasında faktiki olaraq öz nəzarətlərində olan quru əlaqəsini ortadan qaldırdı. Bundan sonra İranla Ermənistanın qarşılıqlı əlaqəsi yanlız Moskvanın icazə verdiyi çərçivədə qurulacaq və inkişaf etdiriləcək. İranla Rusiya arasında son zamanlar soyuq küləklərin əsdiyi isə Suriyadakı bəzi insidentlər zamanı gün üzünə çıxdı.

Bildirildiyinə görə, İŞİD-ə qarşı mübarizə böyük ölçüdə tamamlandıqdan sonra Bəşər Əsəd rejiminə yaxın müttəfiqlər arasında ziddiyyətlər yaranmağa başladı. Ziddiyyətlərin kökündə isə Suriyaya kimin nəzarət edəcəyi sualı dayanır. Suriyanın müdafiəsində ən çox qurbanlar verən, 20 milyard dollardan artıq vəsait xərcləyən İran ölkənin yenidən qurulmasında və təbii sərvətlərinin istismarında öz xidmətlərinə layiq pay almaq istəyir. Rusiya da eyni arzudadır. Suriyanın qaynaqları isə məhduddur və onun böyük hissəsi kürd separatçılarına himayədarlıq edən ABŞ-ın nəzarətindədir.

Bu da azmış kimi, Suriyanın qonşusu, İranın baş düşməni olan İsrail də bölgədə SEPAH və Hizbullah qoşunlarının yerləşməsini istəmir və bu məsələdə Rusiya ilə müəyyən sövləşmələrə getdiyi güman olunur. Ehtimal var ki, əldə edilən razılığa əsasən, İsrail Suriyadakı İrana bağlı qüvvələri atəşə tutaraq bölgədən uzaqlaşdıracaq, onların hava hücumlarından müdafiəsini boynuna götürən Rusiya isə müttəfiqinin əzilməsinə göz yumacaq. Zaman-zaman Suriyadan gələn xəbərlər də bu ehtimalı gücləndirir. Xəbərlərə görə, bölgədə İran və Rusiya hərbçiləri arasında da vaxtaşırı toqquşmalar baş verir.

Rus hərbçilərinin Suriya lideri Bəşər Əsədlə də arasının yaxşı olduğunu söyləmək mümkün deyil. Moskvanın İsrail hücumlarına qarşısında özünü şübhəli aparması və Putinə bağlı media orqanlarının Bəşər Əsədi yerdən-yerə vurması Dəməşqdə əks-reaksiyalar doğurur. Bu ilin may ayında Suriya Milli Məclisinin üzvü Xalid əl-Abudun Facebook səhifəsində paylaşdığı statusunun sərlövhəsi belə, Moskvaya qarşı kin-küdurət qusurdu: “Əsəd Putinə qəzəblənərsə, nə olar?” Millət vəkili  öz sualına bu cür cavab verirdi: “Bəsər Əsəd qəzəblənərsə, Putinin Kremlə sərdiyi xalı belə, ayağının altından qaçar” və yaxud, – “Putin Latakiya bölgəsində, Horan düzü və ya Suriya səhralarında baş verən böyük bir yanğın nəticəsində  işğalçı qüvvənin komandanı kimi tüstüyə boğular”.

Suriya millət vəkilinin Putinə düşmən kəsilməsinin isə çox vacib bir səbəbi var. İddialara inansaq, Rusiya prezidenti Təl-əvivə səfərlərinin birində İranın Suriyadan uzaqlaşdırılması müqabilində Bəşər Əsədin başqası ilə əvəz olunmasına və İranın tam blokadaya alınması üçün bu ölkə ilə Ermənistan sərhədlərini tam nəzarətə götürməsinə razılıq verib. Azərbaycanın son Qarabağ döyüşlərində xüsusilə İranla sərhədləri işğaldan azad etməsinə Rusiyanın göz yummasının başlıca səbəblərindən biri də bu zərurətdən qaynaqlana bilər. Məsələyə bu aspektdən yanaşsaq, İsrail Xarici İşlər nazirinin azərbaycanlı həmkarı ilə İran səfərindən əvvəl danışması da başadüşüləndir. GörünürAzərbaycanın öz torpaqlarına nəzarət etməsi təkcə bizim deyil, həm də beynəlxalq birliyin ümumi maraqlarına çevrilib.

Nəticədə, ermənilərlə bütün sərhədlərini itirən İranın şimalda ən uzun sərhəddi bərpa olunub – 765 km. Üstəlik, 44 km-lik Naxçıvan dəhlizi də Azərbaycanla Türkiyənin ortaq istifadə edəcəyi keçidə çevrilib. Dolayısıyla İranla Ermənistan arasında giriş-çıxışlar təkcə Rusiyanın yox, həm də bizim gözümüzün qarşısında reallaşacaq. Bütün bu amillər İranın yaxın qonşularla siyasətinə yenidən baxmaq zərurəti yaradıb.

Digər tərəfdən, İran təkcə Suriyadan uzaqlaşdırılmır. Onun İraqla münasibətlərində də soyuqluq yaranıb. Ötən ildən başlayaraq, İranın bu ölkədəki nüfuzuna qarşı ayaqlanan iraqlılar ciddi mübarizə ortaya qoyaraq, Tehranı dalana sıxışdırdılar. İŞİD-ə qarşı mübarizədə İran dəstəkli Həşdi-Şabinin qurulmasına ciddi dəstək verən İraq əhalisi bu təhlükəni dəf etdikdən sonra öz ölkələrinin indi növbəti təhlükə ilə üz-üzə qaldığını – Tehranın təsir dairəsinə düşdüyünü anladı. Fars mədəniyyəti dairəsinə daxil olmaq isə İraqın arzuladığı ən son vəziyyət ola bilər. Məzhəbcə eyni görüşə malik olsalar da, ərəb-fars mədəniyyətləri arasında gərginlik uzun əsrlərdən gələn problemdir. Hətta İranın X-XI əsr fars ədəbiyyatının görkəmli nümayəndələrindən olan Firdövsi belə, İslam dini ilə gələn ərəbçiliyə qarşı üsyan bayrağını qaldırır, böyük mədəniyyətlərə imza atan “farsların “kərtənkələ yeyən” ərəblərin təsir dairəsində qalmasını” sərt üslubla tənqid edirdi. Eynilə ərəblər də zaman-zaman fars mədəniyyətinin təzahürlərinə qarşı bənzər arqumentlərlə dirəniş göstərirdilər.

Fərqli mədəniyyətlərin din çətiri altında çuğlaşması ərslər boyu həzm edilməyən problemə çevrildiyindən şiə məzhəbi arasında iki fərqli təlimin yaranmasına yol açmışdı: Qum və Nəcəf məktəbi. Hazırda Nəcəf məktəbinə İranın Sistan vilayətində dünyaya göz açan ayətullah Seyid Əli Sistani rəhbərlik etsə belə, bu, fərqli yanaşmanın qarşısını almaq mümkün olmayıb. Əksinə, ayətullah Sistani hər kəsdən daha çox Qum məktəbinin təsirlərinə qarşı çıxıb.

Nəcəfin digər dini xadimlərindən olan Müqtəda əs-Sədrin dünya görüşlərində ərəb millətçiliyi daha çox ön plana çıxır. Təsadüfi deyil ki, hələ bir neçə il bundan əvvəl əs-Sədr şiələrə “kafir” kimi baxan Səudiyyə Ərəbistanına səfər etmiş və bu, şiə camiəsində böyük xəyal qırıqlıqlarına yol açmışdı. Müqtəda əs-Sədrin bu ilk addımdan sonra keçirilən parlament seçkilərində hər kəsdən daha çox səs toplamasına baxmayaraq, hökumət qura bilməməsi, buna rəğmən, bu ilin yay aylarında hakimiyyətin formalaşdırılmasında yaxından iştirakı Səudiyyə Ərəbistanı ilə İraq arasında yaxınlaşmanın başlayacağı ehtimalını ağla gətirirdi. Ötən ayın 18-də İraqın Səudiyyə Ərəbistanı ilə 30 ildən bəri bağlı qalan sərhədlərini açması bir çoxlarının səbrsizliklə gözlədiyi ehtimalı doğrultdu. Artıq iki ölkə arasında ticari və mədəni əlaqələrin gücləndirilməsi qaçılmaz bir zərurətə çevrilib. Bu isə İraqın da İrandan iraq düşməsi anlamına gəlir. Dolayısıyla “Şiə hilalı” yayılmaçılıq strategiyasında 2 mühüm ayağını itirən İranın Yaxın Şərqdə uzun müddət duruş gətirməyə halı qalmadı. Nəzərə alsaq ki, qonşu dövlət həm də ABŞ-ın ağır sanksiyaları girdabında çırpınır, onun bu mübarizəni davam etdirmək şansının çox olmadığı ortadadır. ABŞ və İsrail tərəfindən dəstəklənən Səudiyyə Ərəbistanı bölgəyə iqtisadi inkişaf vəd etdiyi halda, İran ancaq ideoloji mübarizə təklifləri ilə uzağa gedə bilməz. Artıq sonu görünməyən məzhəb savaşlarından yorulmuş Yaxın Şərqin isə stabilliyə daha çox ehtiyacı var. İranın da bu mübarizəni aparmaq üçün tələb olunan iqtisadi və hərbi resursları da zəifləyir. Xaricdə aparılan daha artıq mübarizə ölkəni daha ağır vəziyyətə sala bilər.

İranın şərq sərhədlərində də vəziyyət ürək açan deyil. Əfqanıstanda və Pakistanda da İrana qarşı qüvvələr getdikcə güclənir. Onlara qarşı mübarizə də əlavə xərclər və canlı qüvvə itkisi tələb edir. Halbuki, İran bu qonşuları, xüsusilə Pakistan ilə iqtisadi əlaqələrini inkişaf etdirib daha ciddi uğurlar əldə  edə bilər. Nə yazıq ki, həm İranın, həm də Pakistanın dini-məzhəbi əsaslarda rəsmi nəzəriyyələrə sahib olması bu perspektivi zəiflədir. Belə bir vəziyyətdə hər iki ölkənin ayırışdırıcı-məzhəbçi siyasi yanaşmalardan imtina etməsi lazımdır.

Bütün qonşuları ilə münasibətlərində hərbi ziddiyyətlər içərisində olan İranın yeni mərhələdə Türkiyədən Orta Asiyaya uzanan Türk xəttinə qoşulması üçün daha məqbul variant təsiri bağışlayır. İranın 1000 illik tarixi bu dəyişikliyi rahatlıqla həyata keçirmək imkanı verirSadəcə azlıqların milli hüquqlarını tanımaqla və bəzi demokratik addımlar atmaqla rəsmi Tehran onu gözləyən ciddi bir təhlükədən böyük qazancla sığortalana bilər. Sözsüz ki, bu sahədə ona Azərbaycandan və Türkiyədən təhlükəsizlik qarantiyası verilməlidir.

Görünən budur ki, Azərbaycanın Xarici İşlər nazirinin İrana səfərində də məhz bu qarantiya arayışları ön plana çıxacaq. Ceyhun Bayramovun bu səfərdə İranın təhlükəsizlik şefləriylə görüşünün planlaşdırılması da bu baxımdan təsadüfi deyil. /ovqat.az/