“Dövlət cinayət törətmiş vətəndaşının cəzasını o həddə təmin etməlidir ki, qarşı tərəfi qisas almağa sövq etməsin”.
Bunu keçmiş cinayətkarların hüquqları ilə bağlı danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Yenicag.az-a açıqlamasında deyib.
O, cəza çəkənlər ilə adi vətəndaşların təhlükəsizliyinin bərabər səviyyədə təmin olunmasını bildirib:
“Çox təəssüf ki, bu gün penitensiar xidmətlərin əksəriyyətində məhkumların islah olunması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərin səmərəsi olmur. 1991-ci ildən bu yana bircə dəfə də olmayıb ki, cinayətkarların qurbanlarının qapısını döysünlər. İstər cəzaçəkmə müəssisələrində, istərsə də bayırda olan qurbanlara qayğı olmadığı müddətdə cinayətlər baş alıb gedəcək.
İndi, çox təəssüf ki, birdən-birə 3-5 min cinayətkarlar əfv edilir, lakin buna cəmiyyət hazır olmur. Həmçinin cinayətkarların da cəmiyyətə adaptasiyasında problemlər yaranır.
Qanunda yazılıb ki, insanların hüquq və azadlıqlarını, eləcə də onların layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin ali məqsədidir. Sadəcə qanunun fərqinə varmaq lazımdır.
Ümumiyyətlə, cəza çəkənin təhlükəsizliyi ilə bizim təhlükəsizliyimiz eynidir. Burada ayrı-seçkiliyə yol vermək olmaz. Qəsdən adam öldürməyə görə 13-15 il iş verirlər.
Söhbət insan həyatından gedirsə, heç bir halda güzəşt tətbiq edilməməlidir. Məsələn, bir şəxs adam öldürür və cəzasını çəkdikdən sonra azadlığa çıxır. Bu zaman da qurbanın yaxınları həmin cinayəti törətmiş şəxsdən qisas alaraq onu qətlə yetirir. Buna görə də dövlət vaxtilə cinayətkar olmuş vətəndaşının cəzasını o həddə təmin etməlidir ki, qarşı tərəfi qisas almağa sövq etməsin.
Hələ qanunla qəsdən adam öldürənlərin hüquqlarını müdafiə etmək üçün vəkil təyin edilir. Xüsusi amansızlıqla, bilərəkdən adam öldürənlərin nəyini müdafiə etmək lazımdır?! Əgər hər şey faktlarla, dəlillərlə göz qabağındadırsa, belə halda istintaqa vaxt da sərf etmək lazım deyil”.
Sadiq Cavadov
www.yenicag.az