Yağışın BAZARA TƏSİRİ: Hansı məhsullar BAHALAŞACAQ?
“İntensiv yağışlar kənd təsərrüfatına həm qısamüddətli, həm də uzunmüddətli mənfi təsirlər göstərə bilər. Güclü yağıntılar əkin sahələrinin su altında qalmasına, torpağın yuyulmasına, məhsulun çürüməsinə və bitki xəstəliklərinin artmasına səbəb olur. Xüsusilə məhsul yığımı dövründə yağan leysanlar məhsul itkisini artırır və keyfiyyəti aşağı salır”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli son günlər intensiv yağan yağışların kənd təsərrüfatı məhsullarına təsirlərini şərh edərkən deyib.
Ekspert belə şəraitdən daha çox tərəvəz, meyvə, kartof, soğan, pomidor, xiyar, bostan məhsulları və giləmeyvələrin zərər görə biləcəyini bildirib:
“Taxıl sahələrində də uzunmüddətli yağışlar məhsuldarlığın və keyfiyyətin azalmasına səbəb ola bilər. Meyvə bağlarında isə dolu və güclü yağışlar məhsulun bir hissəsinin məhv olmasına gətirib çıxara bilər.
Əgər yağıntılar geniş əraziləri əhatə edər və zərər böyük olarsa, bazarda təklif azalacağı üçün ilk növbədə tez xarab olan tərəvəz və meyvələrin qiymətlərində artım müşahidə oluna bilər. Kartof, soğan, pomidor, xiyar, giləmeyvə və bəzi mövsümi meyvələrdə bahalaşma ehtimalı daha yüksəkdir. Taxıl və un məhsullarında isə qiymət artımı yalnız məhsul itkisi böyük miqyasda olarsa və ya idxal imkanları məhdudlaşarsa daha çox hiss edilə bilər. Qıtlıq isə adətən uzunmüddətli və genişmiqyaslı təbii fəlakətlər zamanı yaranır. Lokal və qısamüddətli intensiv yağışlar daha çox qiymət dalğalanmalarına səbəb olur, tam qıtlıq yaratmır”.
Cəvahir













