Bazar ertəsi Çinin Tianqonq kosmik bazasından buraxılan 23 tonluq nəhəng raket nəzarətsiz şəkildə Yer kürəsinə doğru gəlir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, raketin şənbə günü səhər Yer kürəsinin istənilən nöqtəsinə düşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
“10 mərtəbəli bina hündürlüyündə olan raketin hara düşəcəyi bəlli deyil. “Long March 5B” raketi kosmik missiyasını tamamladıqdan sonra yer atmosferinə doğru düşməyə başlayıb. Alimlər insanların çox olduğu ərazilərə raketin düşmə ehtimalının yüksək olduğunu bildirir. Atmosferə girdikdən sonra parça-parça olacaq 23 tonluq raket parçalar halında müxtəlif nöqtələrə düşə bilər”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Çinin nəzarətsiz kosmik raketləri əvvəllər də Yer kürəsinə düşməsi təhlükəsilə bağlı çaxnaşma yaratmışdı. İyul ayında nəzarətsiz şəkildə yerə düşən Çin raketi təsadüfən Hind okeanına düşüb və heç bir insan itkisinə səbəb olmamışdı.
Müasir raket sistemlərinin atmosferə belə nəzarətsiz daxil olmasının böyük təhlükələrə səbəb ola biləcəyini qeyd edən alimlər, Çinin bu məsələdə nöqsanlarını dilə gətiriblər.
Raketin düşə biləcəyi yerlər arasında Türkiyənin olduğu da açıqlanıb.
www.yenicag.az