ÇL-də “ölüm-qalım” GÜNÜ – “Real Madrid” geridönüş EDƏ BİLƏCƏK?

media-hightechnic-468x90

“Real Madrid”in Londonda “Arsenal” qarşısında aldığı ağır məğlubiyyət – həm də bu hesabla – futbol ictimaiyyəti üçün tam anlamı ilə sensasiya oldu. Madrid təmsilçisi nəinki oyunu uduzdu, hətta meydanda passiv və çarəsiz göründü. “Arsenal” isə yüksək səviyyədə çıxış edərək, rəqibini həm texniki, həm taktiki, həm də psixoloji baxımdan üstələdi”.

Bunu Yenicag.az-la söhbətində tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.

media-img_4185

O, bu gün UEFA Çempionlar Liqasının ¼ final çərçivəsində keçiriləcək “Real Madrid”–“Arsenal” maçı ilə bağlı fikirlərini bölüşüb.

N. Muxtarlıya görə, “Kral klubu”nun ən təhlükəli silahı olan hücum xətti bu qarşılaşmada demək olar ki, iflic vəziyyətində idi:

“Arsenal”ın müdafiə sistemi və kollektiv pressinqi o qədər effektiv idi ki, “Real”ın irəlidə yaratdığı imkanlar bir əlin barmaqlarını keçmirdi. Bu cür sönük oyunda belə fərqlənən yeganə madridli isə qapıçı Tibo Kurtua oldu. 3 qol buraxmasına baxmayaraq, belçikalı qolkiper daha ağır nəticənin qarşısını alan əsas fiqurlardan biri idi. Amma bütün bu reallıqlar fonunda “Real Madrid”in növbəti mərhələyə çıxmaq şansının qalmadığını düşünmək böyük sadəlövhlük olardı. Bu komanda sadəcə adla deyil, mahiyyətcə də böyükdür. Çempionlar Liqasında nə qədər kritik vəziyyətlərdən qalib çıxmaları artıq futbolda mif yox, fakt kimi qəbul olunur”.

Müsahibimiz əlavə edib ki, Madrid mərhələsində bizi tamam fərqli bir oyun gözləyir:

“Evdəki təzyiq, tribunaların basqısı və “Real”ın bu turnirdəki mental üstünlüyü oyunun axarını tam dəyişə bilər. Burada əsas sual budur: “Arsenal” bu basqıya davam gətirə biləcəkmi? Əgər “topçular” soyuqqanlı qalmağı, müdafiədə nizamı qorumağı bacarsalar, ilk 20-25 dəqiqəni qolsuz ötürsələr, “Real”ın təzyiqini zamanla sarsıdacaqlar. Amma əks ssenari, yəni erkən qol buraxmaq ingilislər üçün xaos, psixoloji gərginlik və sistem pozuntusu demək olacaq. Belə vəziyyətdə isə “Real” tam fərqli simasını ortaya qoya bilər”.

“Unutmaq olmaz ki, bu komanda Çempionlar Liqasının ruhunu təmsil edir. Onlar ən ümidsiz anda belə geridönüşlərə imza atıblar. İndi də hər şey mümkündür. Madriddə bizi təkcə bir futbol oyunu deyil, emosiyaların, təzyiqin, strategiyanın və xarakterin savaşı gözləyir. “Real” yenidən doğulmaq istəyəcək, “Arsenal” isə tarix yazmaq. Bu qarşılaşma futbolun nə qədər gözəl və proqnozlaşdırılmaz olduğunun növbəti sübutu ola bilər”, – həmsöhbətimiz söyləyib.

Digər bir idman jurnalisti Kənan Məstəliyev də təsdiqləyib ki, axşam bizi çox maraqlı bir matç gözləyir:

media-img_4186

“Gərginliyin son dəqiqəyə qədər davam edəcəyini düşünürəm. Nəticə baxımından, hər nə qədər “Real Madrid” güclü olsa da, bu mərhələdə “Arsenal”ın turu keçməyə daha yaxın olduğunu hesab edirəm. Bunun bir neçə səbəbi var: ilk növbədə, birinci oyunda qeydə alınan nəticə “Real”ı 90 dəqiqə ərzində hücuma atılmağa məcbur edir. Bu isə onsuz da sabit olmayan müdafiə xəttində əlavə boşluqların üzə çıxmasına səbəb olacaq. Biz bu mənzərəni ilk qarşılaşmada da gördük”.

K. Məstəliyev xatırladıb ki, ümumiyyətlə, bu mövsüm “Real Madrid”in dayaq yarımmüdafiəsində, həmçinin cinah müdafiəçilərinin çıxışında ciddi problemləri var:

“Bu boşluqları tam bağlaya bilmirlər. Üstəlik, Çuameni kimi oyunçuların yoxluğu və son olaraq Kamavinqa qırmızı vərəqə alması bu problemləri daha da dərinləşdirib. Hücuma məcbur olan “Real”ın müdafiədəki çatışmazlıqları nəinki düşünməyə, hətta bu barədə narahat olmağa belə imkan verməyəcək. Çünki başqa yol yoxdur və aradakı top fərqi “Real”ı risk etməyə məcbur edir”.

“Mən düşünürəm ki, bu zəif nöqtələr Madrid klubunun qələbə qazanmasına və turu keçməsinə əngəl olacaq. “Arsenal” daha etibarlı müdafiə ilə fərqlənir və komanda oyunu baxımından daha balanslı çıxış edir. Hücum xətti o qədər güclü olmasa da, müdafiə resursları sayəsində riskləri minimuma endirə bilirlər. “Real”ın hücum xətti güclüdür, lakin “Arsenal”ın müdafiə xətti daha güclü görünür. Partey, Rays və digər oyunçular arxa xətdə sabit və inamlı oynayırlar. Odeqard isə hücumların qurulmasında yaradıcı rolu öz üzərinə götürür. Düşünürəm ki, oyunun temp və ritmi meydan sahiblərinə uyğun getsə belə, London təmsilçisinin əks-hücumları təhlükəli olacaq və qarşılıqlı qolların qeydə alındığı bir matç izləyəcəyik”, – deyə o, əlavə edib.

Jurnalist hesab edir ki, “Real Madrid”in bu oyunda üç və ya dörd qol vurma ehtimalı olduqca aşağıdır:

“Arsenal” həm hava toplarında, həm də yerli kombinasiyalarda müdafiədə sabit çıxış edir. Bunu ilk oyunda da sübut etdilər. Eyni zamanda, standart vəziyyətlərdə də üstünlük onların tərəfində idi. “Arsenal”ın ilk oyundakı performansı bir qədər gözlənilməz idi. Amma bu performansın təkrarlanmaması üçün ortada heç bir zəmanət yoxdur. Cərimə zərbələri və uzaqdan güclü zərbələrlə bu komandanın yenə də qol vurmağa yaxın olacağını düşünürəm. Şübhəsiz, “Real Madrid” çox güclü komandadır. “Santyaqo Bernabeu”da istənilən rəqibi məğlub etməyə qadirdirlər. Lakin bu mövsüm heyətin dərinliyi, alternativ seçimlərin azlığı və ehtiyat oyunçular skamyasının zəifliyi Madrid klubunun işini xeyli çətinləşdirir. Yenə də qeyd etmək lazımdır ki, “Real Madrid” güclü komandadır. Çempionlar Liqası onların turniridir, buna heç kimin şübhəsi yoxdur. Amma bu mərhələdə mən “Arsenal”ın turu keçmək ehtimalını daha yüksək görürəm”.

 

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600