Tanınmış aktrisa serial rəhbərlərinə SƏSLƏNDİ: "Aktyora hörmət etmək sənin borcundur!"
“Aktyor, aktrisa teatrın, kinonun simasıdır. Onun üzərində işləyən, təbii ki, texniki heyət, rejissor heyəti, prodüser var… Bunlar hamısı cəmləşir aktyorun üzərində. Aktyor onların zəhmətini, əziyyətini tamaşaçıya göstərir. Aktyora hörmət edin! Bu, sizin borcunuzdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası Sima Ağakişiyeva deyib.
Aktrisa serial çəkilişləri zamanı aktyorlara göstərilən xoşagəlməz münasibətdən və onların aşağılanmasından gileylənib:
“Çəkiliş məkanlarında yemək yoxdur. Aktyorla çox pis davranışlar var. Heç kəs ac deyil, amma işlədirsənsə, işçiyə hörmət etməlisən.
Bir də görürsən ki, filankəs maşın aldı. Ay qardaş, alsın. Sən işləyirsən, işinin müqabilində alırsan da bunu. Bunu aktyor niyə edə bilmir? Öz sənətimdən əlavə, mən həm də təşkilati işlərlə məşğulam. Nə yaxşı ki, mənim o işim var. Bu gün mən bəzi aktyorları qınaya da bilmirəm. Hamının krediti var, hamı övlad saxlayır. Hamının üzərinə düşən bir yükü var. Gedir o qəpik-quruşa çəkilir, deyir ki, eybi yoxdur… Boynuna zəhmət düşür, deyir, hə, eybi yoxdur, təki mən hansısa kreditimi ödəyə bilim, uşağın hazırlıq pulunu verə bilim.
Yəni, o təşkilati işlərlə məşğul olmasam, vallah, mən acından ölərəm. Allah onların canını sağ eləsin, Allah onları qorusun ki, övladlarımı elə o təşkilatın pulu ilə böyüdürəm. Nə boyda məsuliyyət düşüb üzərimə bir valideyn kimi, bir ana kimi… Bəs mən bunların hamısının öhdəsindən gəlməliyəm axı. Nə ilə gəlim? Serialların mənə verdiyi o üç qəpiklə? Olmur, alınmır, inanın ki, alınmır. İnanıram ki, bizim kinomuza yaxşı bir insan başçılıq edəcək, bizə də bir gün ağlayan olacaq”.
Cəvahir













