Ölkə başçısı İlham Əliyevin imzaladığı 7 aprel 2022-ci il tarixli fərmana əsasən, yaxın vaxtlarda sənədsiz evlərin sənədləşdirilməsi prosesinə start verilməsi gözlənilir. Fərmana görə, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edildiyi hallarda həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması təmin olunmalıdır.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, evlərin sənədləşdirilməsi iqtisadi cəhətdən də müsbət hal olacaq:
“Ölkədə hazırda 500 minə qədər sənədsiz ev var. Onların da 12 faizi, yəni təxminən 60 min ev məhz təhlükəli zonalarda yerləşib. Bu gün çıxarışsız fərdi həyət evləri fonunda, xüsusən də sərəncam əsasında alınmış torpaqlar üzərində inşa edilmiş evlərin böyük əksəriyyətində problemli vəziyyət mövcuddur. Bu tikililərdə məskunlaşan vətəndaşların sayı iki milyon nəfərə yaxındır. Həmin vətəndaşların əksəriyyəti köhnə tikili çoxmərtəbəli binalarda qiymətin yüksək olması fonunda torpaq sahəsi alaraq fərdi mənzillər inşa ediblər və bununla da evə olan tələbatlarını ödəməyə çalışıblar. Bu gün ölkədə ən çox alqı-satqı prosedurları, demək olar ki, daşınmaz əmlaklar üzərində olur. Amma satışa çıxarılan mənzillərin böyük hissəsinin çıxarışı olmadığından dövlət büdcəsi bu sahədən gələn vergidən yararlana bilmir. Belə mənzilləri ipoteka predmetinə də çevirmək mümkün olmur. Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin böyük əksəriyyətində çıxarış yoxdur. Daha doğrusu, çıxarış ala bilməyənlər çoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2022-ci il tarixində imzaladığı fərmanın 2.2.2-ci bəndinə əsasən, vətəndaşlar əldə olan sənədləri ilə birlikdə yerli icra hakimiyyəti orqanlarına yaxınlaşaraq yaşayış yerlərinə çıxarış ala bilərlər. Bundan sonra İcra Hakimiyyəti nümayəndələri gəlib həmin mənzilə baxış keçirəcəklər. Daha sonra həmin sənədlər toplanılaraq çıxarışların hazırlanması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndəriləcək”.
Vətəndaşın mənzilinin çıxarışının olmasının bir sıra müsbət təsirlərinin olduğunu qeyd edən Elnur Fərzəliyevə görə, sözügedən problemin həlli evsizliyin aradan qaldırılmasına da əlverişli şərait yaradacaq:
“Vətəndaşın mənzilinin çıxarışı varsa, o, həmin mənzili banka girov qoymaqla kredit əldə edə bilər. Ümid edirəm ki, təkcə Bakı şəhəri deyil, digər böyük şəhərlərdə də bu sahədəki bütün qaranlıq məqamlar aradan qaldırılacaq. Çıxarışı olmayan 30-35 min manata həyət evi var ki, vətəndaş onu almağa risk edə bilmir. Bu kimi problemlərin aradan qaldırılması iqtisadiyyatın ayaqda durmasına, büdcəyə vəsait daxil olmasına səbəb olacaq”.
Gülşən Şərif
www.yenicag.az