“Türkiyə Azərbaycanı NATO Zirvəsinə dəvət edə bilər”- Aygün Attar
7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsi təkcə alyansın təhlükəsizlik gündəliyi ilə deyil, həm də tərəfdaş ölkələrin iştirakı baxımından diqqət mərkəzindədir. Zirvə öncəsi Azərbaycan prezidenti İlham Əliyevin də tədbirə dəvət olunacağı ilə bağlı müzakirələr də aktuallaşıb.
Yenicag.az-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri, professor Aygün Attar hesab edir ki, Türkiyənin Azərbaycanı NATO Zirvəsinə dəvət etmək üçün kifayət qədər güclü diplomatik imkanları mövcuddur.
Attarın sözlərinə görə, ev sahibi ölkələr NATO üzvü olmayan tərəfdaş dövlətləri zirvəyə qonaq qismində dəvət edə və ya onları xüsusi iclaslara cəlb edə bilirlər. Bu baxımdan Türkiyənin də belə bir diplomatik təşəbbüs göstərmək imkanları var.
O vurğulayıb ki, Azərbaycanın Ankara NATO Zirvəsində iştirakı həm regional təhlükəsizlik baxımından, həm də Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin növbəti dəfə beynəlxalq platformada nümayiş etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Aygün Attarın fikrincə, Bakının zirvədə təmsil olunması Cənubi Qafqazda təhlükəsizlik, enerji və nəqliyyat marşrutları ilə bağlı əməkdaşlıq perspektivlərinin müzakirəsinə də əlavə töhfə verə bilər.
Qeyd edək ki, NATO-nun 2026-cı il Zirvəsi 7–8 iyul tarixlərində Ankarada keçiriləcək. Tədbirdə alyansa üzv 32 ölkənin liderlərinin, eləcə də dəvət olunacaq tərəfdaş dövlətlərin nümayəndələrinin iştirakı gözlənilir.
Sonda qeyd edək ki, hazırda Türkiyədə işgüzar səfərdə olan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər dünənki xüsusi reportajında hazırda Ankarada müzakirə olunan mövzulardan birinin Azərbaycanın Zirvəyə dəvət olunması olduğunu bildirmişdi. Aygün Attar kimi nüfuzlu aydının mövzu ilə bağlı tvit atması da bu mövzunun aktuallığından xəbər verir.













