– Bu bir “dinsizin öhdəsindən imansız gələr” xəbəridir
Cümşüd Nuriyev: “Hafiz Hacıyev özünün dediyi kimi kənd təsərrüfatı naziri olsa, onun da indikilərdən heç bir fərqi olmayacaq”
Hər zaman pafoslu və qeyri-ciddi fikirlərilə gündəmə gəlməyə çalışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev indi də deyəsən hakimiyyətdən vəzifə umur. Belə ki, o mətbuata açıqlamasında “Kənd təsərrüfatı sahəsini ayağa qaldırmaq üçün bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram” fikrini səsləndirməklə bu sahəyə rəhbərlik etmək “arzusunu” dilə gətirib.
Yenicag.az-a H. Hacıyevin bu istəyilə bağlı məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin sabiq nazir müavini Cümşüd Nuriyev MMP sədrinin dediyi fikirlərinin qeyri-ciddi olduğunu bildirdi: “Hafiz Hacıyevi tanıyıram. Kənd təsərrüfatı üzrə nazir müavini işləyəndə o da balıqçılıq təsərrüfatına baxırdı. O kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis olsa da, indiki şəraitdə onun aqrar sahəni qaldıracağı haqqında dediyi fikirlər qeyri-ciddi səslənir. Əvvəla, Azərbaycanda kənd təsərrüfatı elə bir pis vəziyyətə salınıb ki, onu ayağa qaldırmaq üçün ora rəhbərliyə mütəxəssis lazımdır, peşəkarlar dəvət olunmalıdır. Daha indiki kimi yox. Kənd təsərrüfatı sahəsində bir neçə istiqamət üzrə islahat aparılmalıdır. Onu isə Hafiz Hacıyev apara bilməyəcək. Çünki burada mütləq iqtisadi innovasiya, investisiya islahatları getməli, struktur dəyişikliyi aparılmalıdır və ölkənin yeni kənd təsərrüfatı konsepsiyası işlənməlidir. Çünki ölkəmizdə özəlləşdirmədən sonra aqrar sahədə bir boşluq yaranıb. Təəssüf ki, son 20 ildə bu sahəyə həmin sektorla əlaqəli olmayan adamlar başçılıq edir. İndi də həmin proses davam edir və fikirləşirlərsə ki, bu yolla Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirəcəklər, böyük yanlışlığa yol verirlər. O nazirliyə birmənalı şəkildə gəlir mənbəyi kimi baxırlar. Nazirliyin bütün strukturu o qədər korrupsiyalaşıb ki, kimin başı hansı işdən çıxmırsa, həmin işi də aparıb məhz ona tapşırırlar. Hafiz Haciyev bu sektora gəlsə onun da indikilərdən heç bir fərqi olmayacaq, baxmayaraq ki, onu şəxsən tanıyıram”.
ELÇİN
www.yenicag.az