!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Danışıqlarda ən böyük PROBLEM: “Rəsmi İrəvan bu məsələdə vaxt uzadır”

!Reklam – Yazi

“Ermənistan konstitusiyasının dəyişməməsi sülh müqaviləsini təhlükə altına qoyur”

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bütün parametrləri üzrə danışıqlar müsbət məcrada gedir və bununla bağlı dəfələrlə hər iki məlumat veriblər. Sadəcə olaraq, burada ən böyük problem məhz ərazi iddiaları ilə bağlı Ermənistan konstitusiyasının dəyişməməsi ilə əlaqədardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Zaur Məmmədov deyib.

Mütəxəssis dövlət başçısı İlham Əliyevin İtaliyada Ermənistanla sülh müqaviləsi ilə bağlı səsləndirdiyi mühüm bəyanatları şərh edib.

Z. Məmmədovun qənaətinə görə, bu məsələ bizim üçün olduqca vacibdir, çünki sülh müqaviləsinin imzalanması hər şey demək deyil:

“Yekun sazişin imzalanması uzunmüddətli və dayanıqlı olmalıdır. Onun dayanıqlı olması isə yalnız və yalnız kompleks sistemli çağırışların həllindən gedir. Ən böyük çağırış isə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Ona görə ki, nə qədər bu konstitusiya qalacaq, onda sülh müqaviləsinin kövrək olması istisna edilmir”.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya dəyişiklərini 2027-ci ilə salması onu göstərir ki, rəsmi İrəvan bu məsələdə vaxt uzadır:

“Digər tərəfdən, Paşinyan xarici və daxili çağırışları bu minvalla həll etmək istəyir. Lakin burada heç bir qarantiya yoxdur ki, 3-4 ildən sonra bölgədə nə baş verəcək və Paşinyan özünü necə aparacaq.

Hesab edirəm ki, Ermənistanın bugünkü davranışı nəinki sülhə zərbədir, hətta yeni hərbi əməliyyatların başlaması zəminini də yaradır. Biz bilirik ki, Ermənistan, bir tərəfdən, sülh müqaviləsi ilə danışıqlar aparsa da, digər tərəfdən də mütəmadi olaraq, ələlxüsus, Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozmaqla məşğuldur. Bəs bu nə deməkdir? Biz Ermənistan ordusunun silahlanmasını hansı yönə çəkək?”

Həmsöhbətimizin fikrincə, bundan başqa, İran tərəfindən də Zəngəzur dəhlizi ilə bağlı bəyanatların tez-tez səsləndirilməsini görürük:

“Eyni vəziyyəti biz 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən əvvəl də görürdük ki, İran, habelə Qərbdəki ölkələr “məsələnin müharibə ilə yolu yoxdur” ifadələrini işlədib hərbi əməliyyatlara etiraz edirdilər, o cümlədən məsələnin sülh yolu həllinə inandıqlarını bəyan edirlər. Amma biz nəticədə nələrin baş verdiyini gördük”.

“İndi də Azərbaycanın səylərinə baxmayaraq, dünya birliyi, özəlliklə də Qərb köhnə mahnını oxumaqla məşğuldur və bölgədə erməni məsələsindən əl çəkmir. Bu isə müharibə riskini potensial olaraq artırır. Fikrimcə, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı çıxışı müsbət qiymətləndirilməlidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına böyük ümidlər bəsləyir, məsələnin sülh yolu ilə tez bir zamanda həll edilməsini istəyir. Baxmayaraq ki, biz qalib tərəfik”, – deyə o, əlavə edib.

“Əslində, məsələyə geniş baxsaq, burada rəsmi İrəvana bir neçə tələb də irəli sürülə bilər. Çünki Ermənistan özünü son zamanlar qeyri-adekvat aparır. Zəngəzurda bufer bölgənin yaradılması və Ermənistanın silahsızlaşdırılması prioritet məsələmiz olmalıdır. Çünki məğlub ölkədir, 30 il işğalla məşğul olub və hələ də konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası mövcuddur. Belə olan təqdirdə də Ermənistanın silahsızlaşdırılması əsas tələblərimizdən biri olmalıdır. Ya beynəlxalq ictimaiyyət özü bu ölkəni silahsızlaşdırmalı və Qərbi Zəngəzurda bufer zonanı yaratmalı, ya da bunu bu və ya digər şəkildə biz edə bilərik. Ona görə də yaxşı olardı ki, Paşinyan administrasiyası məsələnin nə qədər gərgin və aktual olmasını başa düşsün”, – o, sözlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv