Putinlə Makron arasında 2 il sonra ilk təmas
Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı baş tutub.
Yenicag.az bu barədə Kremlin saytına istinadla xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyətə də toxunulub. Bu əsnada Putin bildirib ki, Ukrayna münaqişəsi birbaşa Qərb dövlətlərinin siyasətinin nəticəsidir. Münaqişənin sülh yolu ilə nizamlanma perspektivləri də müzakirə edilib.
Bundan əlavə, danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyət, o cümlədən İran-İsrail qarşıdurması, İranın nüvə proqramı müzakirə olunub.
Yelisey sarayının telefon danışığına dair yaydığı məlumatda isə bildirilir ki, liderlər iki saatdan çox danışıblar və Ukraynadakı münaqişəni, İranın nüvə problemini müzakirə ediblər.
Makron Fransanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayıb, atəşin dayandırılmasına və danışıqların başlanmasına çağırıb.
Qeyd edək ki, Fransa və Rusiya prezidentləri arasında sonuncu telefon danışığı 2022-ci ilin sentyabrında baş tutub./Oxu.az/