"Danışıqları bilərəkdən pozurlar": Tramp və Tehranın təhlükəli oyunu
“Həm ABŞ, həm də İran danışıqların nəticəsiz qalması üçün əllərindən gələni edirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.
Şərhçi ABŞ prezidenti Donald Trampın İran üzərində “iki həftə ərzində tam qələbə” qazanacağı ilə bağlı açıqlamasını şərh edərkən, tərəfləri danışıqlar prosesini süni şəkildə uzatmaqda və gərginləşdirməkdə ittiham edib:
“ABŞ prezidenti həmişə olduğu kimi, yenidən iki həftə ərzində İran üzərində tam qələbə qazanacağını bəyan edir. Bu cür ritorika danışıqların gələcəyi ilə bağlı ciddi şübhələr doğurur. Əgər hər iki tərəf sülh razılaşması əldə etmək üçün masaya oturursa, burada “tam qələbə”dən söhbət gedə bilməz. Ən böyük problem odur ki, bu cür iddialı bəyanatları təkcə ABŞ deyil, İran tərəfi də səsləndirir. Bu səbəbdən, iki həftədən sonra müharibənin başlanma ehtimalı artır”.
Səmədovun sözlərinə görə, Trampın daha öncə memorandumun 95 faizinin razılaşdırıldığını bildirməsinə baxmayaraq, qalan 5 faiz üçün qarşılıqlı etimadsızlıq mühiti əsas maneədir:
“Görünür, o 5 faizi razılaşdırmaq üçün tərəflərə daha iki həftə vaxt lazımdır. Həm ABŞ, həm də İran rəsmilərinin səsləndirdikləri bəyanatlar göstərir ki, Vaşinqtonun şərtləri ilə razılaşmaq olduqca çətindir. Tərəflər çox fərqli mövqedədirlər, üstəlik, rəsmilər danışıqlardakı normal mühiti pozmaq üçün müxtəlif bəyanatlar səsləndirərək prosesin nəticəsiz bitməsi üçün əllərindən gələni edirlər. Bu səbəbdən razılaşma əldə olunacağına ümidlər azalır və hərbi əməliyyatların başlanması ehtimalı daha yüksək görünür”.
Nurlan Cəfəri













