Daşınmaz əmlakın icbari sığortası: “Bazar qiymətləri ilə təminat məbləği arasında uçurum yaranıb”
Əmlak bazarında qiymətlərin kəskin artması fonunda icbari sığorta üzrə müəyyən edilən təminat məbləğlərinin aşağı qalması mexanizmin effektivliyini müzakirə obyektinə çevirib.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov bildirib ki, Azərbaycanda ən çox müraciət olunan xidmətlərdən biri daşınmaz əmlakın icbari sığortası olsa da, tətbiq edilən tariflər qanunvericiliklə müəyyən edilib və uzun müddətdir dəyişməz qalır:
“Paytaxt Bakıda daşınmaz əmlakın icbari sığorta haqqı 50 manat təşkil edir. Bu halda təminat məbləği 25 min manat, azadölçü məbləği (franşiza) isə 250 manatdır. Regionlarda isə qiymətlər fərqlidir: Gəncə, Sumqayıt və Naxçıvanda sığorta haqqı 40 manat (təminat 20 min manat), digər bölgələrdə isə 30 manat sığorta haqqı qarşılığında 15 min manat təminat nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə, Bakı üzrə sığorta haqqının yüksək olması əmlakın bazar dəyəri və risk dərəcəsinin ağırlığı ilə əlaqədardır:
“Əmlakın real bazar dəyərinin 100 min və ya 500 min manat olmasının mövcud icbari sığorta tarifinə təsiri yoxdur. Çünki qanunvericiliyə əsasən, yalnız müəyyən olunmuş limit yəni 25 min manatlıq hissə icbari qaydada sığortalanır. Bu məbləği aşan risklər vətəndaşın istəyi ilə könüllü sığorta vasitəsilə təminat altına alına bilər. Məsələn, 100 min manatlıq əmlakın 25 min manatı məcburi, qalan 75 min manatlıq hissəsi isə könüllü şəkildə sığortalana bilər”.
Şahin İsmayılov hesab edir ki, hazırkı şəraitdə icbari sığorta limitinin artırılmasına kütləvi tələbat yoxdur:
“Vətəndaşların böyük əksəriyyəti hətta mövcud minimal 50 manatlıq sığortanı belə ödəməkdə maraqlı deyil. Limitin artırılması avtomatik olaraq sığorta haqqının da yüksəlməsi deməkdir ki, bu da hazırkı iqtisadi davranışlar fonunda effektiv hesab olunmur”.
Ekspert onu da əlavə edib ki, daşınmaz əmlakın icbari sığortasının olmamasına görə qanunvericilikdə 50 manat məbləğində cərimə nəzərdə tutulsa da, bu mexanizmin tətbiq qaydaları tam formalaşmadığı üçün cərimələrin icrası praktikada hələ ki həyata keçirilmir.
Samir Məcid













