“Dayım oğludur, İsabala....” – Arzularını xəstə yatağından son mənzilə daşıyan MƏŞHUR
Yaradıcı insanı yaşadan sənəti, yaradıcılığıdır. Sənətdən ayrı düşəndə sudan çıxarılan balıq kimi oksigensiz qalır və çapalayaraq həyatını itirir. O da belə insanlardan idi.
Ömrünün ən gözəl illərini həyatını həsr etdiyi kinosuz, teatrsız qaldı. Yaradıcılığının çiçəklənən vaxtı kino, film çəkmək üçün gözləyə-gözləyə yaşa doldu. Və bu xiffətlə də çapalaya-çapalaya xəstə yatığına düşdü…
Söhbət tanınmış rejissor və aktyor Ramiz Əzizbəylidən gedir.
Yenicag.az xəbər verir ki, tanınmış rejissor və aktyorun xatirə günüdür.
Onu xatırladıqca, gözümün önündə ömrünün müxtəlif illərində çəkildiyi, çəkdiyi filmlər gözümün önündə canlanır.
Qulağıma “Bəyin oğurlanması” filmindən boylanan İsabalanın “Aman Tello” mahnısının sədaları gəlir.
Üç dəfə insult keçirən, uzun müddət, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkən aktyorun ayaq barmaqları da amputasiya edilmişdi. Bunlar azmış kimi, infarkt da keçirir.
O qədər gerçəkləşməyən arzuları var idi ki… Çox istəyirdi filmlər çəksin, xəstə yatağında belə o filmləri çəkəcəyi günün həsrəti ilə yaşayırdı və hər sabahı da o ümidlə açırdı. Amma nə film çəkirdi, nə filmə çəkilirdi. Ayağa qalxmaq istəsə də, bu ümidsizlik onu yenə də yatağa məhkum edirdi. Beləcə arzularını ürəyində basdıran aktyor günlərin bir günü həyatla da vidalaşmalı olur və arzularını özü ilə son mənzilə daşıyır.
Amma aktyorun qoyub getdiyi bənzərsiz obrazlar və çəkdiyi filmlər bu gün də onun ömrünü davam etdirir. Çünki Ramiz Əzizbəyli adını kino tarixinə əbədi yazdıran sənətkarlardandır.
Cəvahir