Demokratik yenilənməyə DOĞRU: Türkiyə sivil Konstitusiya mərhələsində hansı addımları ATMALIDIR?
“Yeni Konstitusiya ilə bağlı komissiyanın qurulduğu doğrudur və bu məsələ ilə əlaqədar toplantı da yaxın vaxtlarda baş tutacaq”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən yeni konstitusiya dəyişikliyə bağlı yaradılan 11 nəfərlik komissiyasının yaxın günlərdə baş tutacaq görüşünü və sözügedən məsələ ətrafında səslənən fikirləri şərh edib.
H. İnaça görə, Türkiyənin qurulduğu gündən bu günə qədər sivil və demokratik bir Konstitusiyası olmayıb:
“Yəni ölkə həmişə çevriliş dövrlərindən sonra texnokratlar tərəfindən hazırlanan Konstitusiyalarla idarə olunub. Amma ən son, 1980 çevrilişindən sonra qəbul edilən 1982 Konstitusiyası, xüsusilə 1999-2005-ci illər arasında Türkiyənin Avropa Birliyinə namizəd ölkə kimi tanındığı və eyni zamanda rəsmi danışıqlar aparan tərəf kimi tarixə keçdiyi dövrdə bir çox sivil, demokratikləşmə və azadlıq yönümlü addımlara şahidlik etdi. Lakin bu gün gəlinən nöqtədə hökumətin arzuladığı əsas məsələ sivil, demokratik və seçilmiş hakimiyyətlər tərəfindən hazırlanmış yeni Konstitusiyanın bir an öncə qəbul edilərək qüvvəyə minməsidir. Amma bu dönəmdə Konstitusiya hazırlanması cəmiyyətdə müxtəlif müzakirələr, şübhə və sualları da gündəmə gətirir. Belə ki, 2024-cü ilin oktyabr ayından etibarən Türkiyədə bir “açılım prosesi” yenidən gündəmə gəldi. Bu proses PKK ilə danışıqlar, eləcə də xaricdəki PKK elementləri ilə normallaşma, razılaşma və onların silah qoyması istiqamətində qərarlar doğurdu”.
“Nəticə etibarilə, Türkiyə cəmiyyətində belə bir qorxu formalaşmağa başladı: terror mənbələrinin, xüsusilə də PKK-nın kürd xalqını bəhanə edərək Türkiyədə təmsilçilik, kürdlərə status verilməsi kimi məsələlər vasitəsilə öz tələblərini Konstitusiyaya daxil etdirməsi ehtimalı. Xüsusilə də, məsələn, kürd dilinin rəsmi dil elan olunması, kürdlərin “qurucu xalq” kimi tanınması və ya PKK-nın istədiyi kimi Türkiyəni federallaşdıracaq, yerli idarələri gücləndirəcək, muxtariyyət yönümlü dəyişikliklərin Konstitusiyaya salınması, habelə ən böyük təhlükə olaraq ana dildə, yəni kürd dilində təhsilin təmin olunması kimi məsələlər Türkiyədə böyük narahatlıq və təşvişlə izlənilir”, – deyə o, əlavə edib.
Onun sözlərinə görə, bu parametrlərdən hər hansı birinin Konstitusiyaya salınması Türkiyənin parçalanması, federallaşması, dağılması və Suriyada olduğu kimi vətəndaş müharibəsinə sürüklənməsi təhlükəsini də özü ilə gətirə bilər:
“Buna görə də ümidimiz budur ki, belə bir ssenari baş verməz. Fərdi hüquqların təkmilləşdirilməsi baxımından dəyişikliklər mümkündür, lakin söhbət kollektiv hüquqlardan gedirsə, Avropa Birliyinin də zaman-zaman gündəmə gətirdiyi bu məsələlər , yəni dini, etnik və məzhəbi fərqlilikləri dərinləşdirən kollektiv hüquqlara Konstitusiyada yer verilməsi və bunlara status tanınması Türkiyənin parçalanması, dağılması və daxili müharibə təhlükəsi demək olacaq. Sosioloji baxımdan Türkiyənin, əslində, belə bir parçalanma xəttində olmadığını görürük. Amma xaricdən, xüsusilə də Avropa Birliyi və ABŞ tərəfindən bu istiqamətdə bir yönləndirmənin olduğunu da bilirik”.
Rafi Müslümov