Deputat: "Azərbaycanı erməni cəmiyyəti üçün təhlükə əxz edən mənbə kimi qələmə vermək..."
“Təhlükəsizlik”lə bağlı narahatlıqlar, əslində, erməni cəmiyyətinin mənafelərinin birbaşa hədəfə alınması deməkdir”.
Bunu Yenicag.az-a açıqlamasınsa deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycanın hərbi-siyasi qələbələrindən sonra prezident İlham Əliyevin təşəbbüsləri üzərində qurulan sülh prosesinin ötən il avqustun 8-də Vaşinqtonda praktik mərhələyə qədəm qoyması, ələlxüsus Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması bölgə tarixi üçün yeni bir dövr başladıb:
“Vaşinqton görüşünün ardınca Azərbaycanın öz ərazisindən Ermənistana keçən yüklərə tranzit məhdudiyyətini aradan qaldırması fonunda kifayət qədər radikal davranan erməni cəmiyyəti onillərlə dövlət siyasəti çərçivəsində davam etdirilmiş miflərdənsə, Azərbaycanla sülh şəraitində yaşamağın daha faydalı olduğunu dərk etməyə başlayıb. Təbii ki, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə bir çox güclər üçün maraqlarının təmini üsulu olub və bu mənada, Bakı ilə İrəvan arasında sülh müqaviləsi həmin güclər tərəfindən arzuolunmaz situasiyadır. Ermənistanın özünün Azərbaycan işğal və təcavüzə son qoyduqdan sonra yaranan yeni reallıqlarla barışmağa başlaması fonunda belə həmin güclər mümkün qədər erməni cəmiyyətinin cari konfiqurasiya ilə barışmamasına çalışır. Bu istiqamətdə sistemli şəkildə həyata keçirilən və təxribat xarakteri daşıyan addımlardan biri də, heç şübhəsiz ki, Paşinyanın özünün də narahatlığını ifadə etdiyi “təhlükəsizlik”lə bağlı məqamlardır”.
B. Məhərrəmovun sözlərinə görə, aylardır, Ermənistan-Azərbaycan sərhədlərində və şərti sərhədlərində silah səslərinin eşidilmədiyi, qarşıqlı ittiham ritorikalarının, demək olar, aradan qalxdığı bir dövrdə heç bir əsas olmadan Azərbaycanı erməni cəmiyyəti üçün təhlükə əxz edən mənbə kimi qələmə vermək və bu istiqamətdə çağırışlar etməyin əsl mahiyyətinin Paşinyan tərəfindən ifşa edilməsi bu kimi cəhdlər qarşısında uğurlu reaksiya hesab oluna bilər:
“Bu addım, eyni zamanda, erməni cəmiyyətinə başa sala bilər ki, heç bir xarici dövlət erməni dövlətindən daha çox hansısa erməninin hüququnu müdafiə etməyəcək. Xatırlayırsınızsa, hələ bir neçə il əvvəl cənab İlham Əliyev də erməni cəmiyyətinə müraciət edərək heç kimin onların əvəzinə döyüşməyəcəyini bəyan etmişdi və proseslərin gedişatı da göstərir ki, Ermənistanın inkişafı, tərəqqisi və suverenliyi regionda Azərbaycanla sülh şəraitində yaşamaqdan keçir. Bu mənada, qeyd olunan “təhlükəsizlik”lə bağlı narahatlıqlar, əslində, erməni cəmiyyətinin mənafelərinin birbaşa hədəfə alınması deməkdir”.
Nəsimi Ələsgərli













