Deputatdan ABŞ-İran anlaşması ilə bağlı ŞƏRH: Kövrək atəşkəs nə vəd edir?
“Azərbaycan bölgədə daimi sabitlik üçün əlindən gələni edir”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat Azərbaycanın bölgədə sülhün bərqərar olması və İran xalqını itkilərdən qorumaq məqsədilə humanitar yardımları artırdığını diqqətə çatdırıb:
“Müharibənin nə olduğunu Azərbaycan yaxşı bilir; müharibələrin xalqlara və dövlətlərə nə dərəcədə böyük zərər vurduğuna ölkəmiz bələddir. Ona görə də İranda baş verən hadisələr zamanı Azərbaycan daim sülhpərvər mövqedən çıxış etdi. Müharibənin bir an öncə bitməsi üçün əlindən gələni etdi, dost və qonşu İran xalqına öz dəstəyini göstərdi.
İranın ali dini lideri vəfat edən zaman da Azərbaycan Prezidenti səfirliyə gedərək başsağlığı verməyi özünə borc bildi. Biz İrana dəfələrlə yardımlar etmişik. Təəssüf ki, müharibənin öz qaydaları var və o, itkilərsiz olmur. Hazırda Azərbaycan kövrək atəşkəsin əldə olunmasını çox yüksək qiymətləndirir. Ölkəmiz ABŞ və İran arasındakı anlaşmanı uzunmüddətli sülhə çevirmək üçün əlindən gələni edir”.
Deputat hazırda Livanda yaşanan proseslərə də toxunub:
“Livanda hazırda baş verənlər bir xalqın faciəsidir. Uşaqların öldürülməsi, dinc əhaliyə divan tutulması qətiyyətlə qınanılmalıdır. Lakin Livanın atəşkəs çərçivəsində hərəkət edib-etməməsi ayrı bir mövzudur. Diplomatiyada danışıqların predmeti və atəşkəsin çərçivəsi dəqiq müəyyənləşdirilməyənə qədər bu barədə konkret fikir yürütmək çətindir”.
Nurlan Cəfəri













