Deputatdan mediadakı kampaniyaya SƏRT REAKSİYA: Sonra PEŞMAN OLACAQLAR
“Media təmsilçilərinin tənqidi mövqeyi və neqativ halları üzə çıxarması normaldır. Lakin bunu bir kampaniyaya çevirmək doğru deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa jurnalist həmrəyliyinin vacib olduğu dövrdə AzTV ilə bağlı yayılan neqativ xəbərlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, AZTV ilə bağlı məsələ sosial mediada geniş müzakirə olundu:
“Aparılan audit yoxlamaları nəticəsində müəyyən nöqsanların üzə çıxması mümkündür. Əsaslandırılmış cavabların verilməsini gözləmək lazımdır. Çünki istənilən qurumda, xüsusilə də yaradıcı sahələrdə belə halların baş verməsi təbiidir. Amma yalnız bir tərəfin mövqeyinə əsaslanaraq ittihamlar səsləndirmək düzgün olmaz. Qarşı tərəfin də mövqeyi açıqlanmalıdır ki, vəziyyətin nə dərəcədə əsaslı olub-olmadığı müqayisə oluna bilsin.
Bəzən sosial mediada səsləndirilən ittihamların ciddi əsası olmur. Məsələn, “helikopter məsələsi” ilə bağlı. Televiziya müəyyən hallarda operativ və keyfiyyətli çəkilişlər üçün belə təkliflər verə bilər. Dronlardan istifadə bəzən mümkündür, amma elə yerlər olur ki, orada dron uçurmaq texniki və ya təhlükəsizlik baxımından real deyil. Həmçinin jurnalistin hadisə yerinə, məsələn, sel, meşə yanğını və ya digər fövqəladə hadisələrin baş verdiyi əraziyə operativ şəkildə çatdırılması vacibdir. Belə vəziyyətlərdə gedib AZAL-dan bilet alıb uçmaq real deyil. Yəni bu kimi hallarda məsələni bir az daha məntiqli və peşəkar baxımdan dəyərləndirmək lazımdır.
Təbii ki, dövlət büdcəsinin imkanlarını da nəzərə almaq vacibdir. Hər bir təklifi dərhal vəsait ayırmaqla həyata keçirmək mümkün olmaya bilər. Lakin ümumilikdə belə təkliflər televiziyanın operativ informasiya təminatı baxımından məntiqli və əsaslı sayıla bilər”.
Deputat qeyd edib ki, məsələdə daha çox AZTV-nin rəhbəri Rövşən Məmmədov hədəfə götürülür:
“Məncə, bu, düzgün yanaşma deyil. Əlbəttə, burada qonorar və digər məsələlər də var və yəqin ki, televiziya bu istiqamətdə daxili imkanlar çərçivəsində addımlar atmağa çalışır. Heç bir qurum istəməz ki, onun əməkdaşları, xüsusilə yaradıcı insanlar, çətin şəraitdə işləsinlər.
Belə hallarda daha diqqətli olmaq lazımdır. İttiham olunan tərəfin mövqeyi də geniş şəkildə işıqlandırılmalıdır. Ola bilər ki, qarşı tərəfin açıqlamasından sonra məsələlər tam fərqli şəkildə aydınlaşsın və ittiham səsləndirənlər sonradan peşman olsunlar.
Media təmsilçilərinin tənqidi mövqeyi və neqativ halları üzə çıxarması normaldır. Lakin bunu bir kampaniyaya çevirmək doğru deyil. Təəssüf ki, bir çox hallarda bu, məqsədyönlü kampaniya təəssüratı yaradır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












