Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyevin seçiciləri ilə növbəti görüşü keçirilib.
Yenicag.az xəbər verir ki, seçiciləri ilə görüşdə çıxış edən deputatlığa namizəd Adil Əliyev öncəliklə gələnlərə öz minnətdarlığını bildirib. Daha sonra qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir:
“Hamı bilsin ki, Azərbaycan dövləti 1990-cı illərdəki kimi deyil, daha güclü və qüdrətlidir. Bunu 2016-cı ilin Aprel döyüşləri də sübut etdi. Əminik ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək”.
Adil Əliyev çıxışında deputatların əsas vəzifələrdən bəhs edib və bildirib ki, deputat xalq ilə hökumət arasında körpü rolunu oynamağı bacarmalıdır:
“Artıq 4-cü dəfədir ki, deputatlığa namizədliyimi irəli sürmüşəm. Ölkə rəhbərliyinin siyasətini dəstəkləyən insan kimi qarşınıza çıxmışam. Deputat olduğum müddətdə daim seçicilərin problemləri ilə maraqlanmışam, bunu özümə borc bilmişəm. Hazırda növbədənkənar parlament seçkilərinə hazırlıq yüksək səviyyədədir. Hər kəs seçkidə iştirak edib, fəallıq göstərməlidir. Namizəd olduğum Nərimanov ərazisində yaşayan bütün seçicilər fəallıq göstəriblər”.
Görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Deputatlığa namizəd Adil Əliyevin çıxışından sonra görüş konsert proqramı ilə davam edib. Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Xalq artisti Mübariz Tağıyev, Əməkdar artist Ədalət Şükürov seçiciləri Adil Əliyevə səs verməyə çağırıblar.
Gülşən Şərif
www.yenicag.az