Tanınmış aparıcıdan cərimələrə ETİRAZ: “Eyni anda həm 3 bal, həm 100 AZN – haqsızlıqdır”
“Eyni anda həm 3 bal, həm də 100 AZN cərimənin tətbiqi insanların haqlı narazılığına səbəb olur. Bunlardan yalnız birinin tətbiqi daha anlaşılan olardı”.
Bunu Yenicag.az-a açıqlamasında aparıcı Fəxriyyə Lilpar deyib.
O, yol hərəkəti qaydaları zamanı tətbiq olunan cərimələrlə bağlı fikirlərini bölüşərək, vətəndaşların sosial vəziyyətinin nəzərə alınmasını vacib sayıb:
“Yol hərəkəti qaydaları insanların təhlükəsizliyi üçün yaradılıb. Cərimələrin məqsədi sürücünü cəzalandırmaq deyil, qaydalara əməl etməyə təşviq etməkdir. Lakin cərimələr tətbiq olunarkən onların ədalətli, anlaşılan və insanların sosial vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilməsi vacibdir. Hesab edirəm ki, bu məsələyə qanunvericilikdə bir daha nəzər yetirilməlidir. Eyni anda həm 3 bal, həm də 100 AZN cərimənin tətbiqi insanların haqlı narazılığına səbəb olur. Bunlardan birinin tətbiqi daha anlaşılan olardı, çünki hər ikisi ayrı-ayrılıqda kifayət qədər ciddi mahiyyət kəsb edir.
Sürücülüklə dolanışığını təmin edən yüzlərlə sürücü tanıyıram ki, sürücülük vəsiqəsi ləğv olunduqdan sonra iş tapa bilmirlər. Bu isə kütləvi işsizliyə səbəb olur. Yaxud irihəcmli marketlərin qarşısında parklanmanın təşkili digər alıcıların park edib alış-veriş etməsinə ciddi maneələr yaradır. Tıxaclar zamanı “sarı tor”ların içində qalmamaq faktiki mümkün deyil. Bu və ya digər səbəblər, cərimələrin tətbiqi məsələsinə yenidən baxılması zərurətini yaradır”.
Cəvahir













