"Fortnite" və "Roblox" qadağası: Yeni qanun layihəsində nələr var?
“Azərbaycan uşaqları ilə bağlı bir neçə mühüm göstəricini sizinlə bölüşmək istərdik. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir”.
Yenicag.az xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur:
“Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir.
Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb. Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir. Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir.
Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib. Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var. Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri –ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir”.
Deputat qeyd edib ki, internet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir:
“Fortnite”, “Roblox”, PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda “loot box” – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Niderland kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib. İndi isə 3 qanunda təklif edilən Əsas Müddəaları diqqətinizə çatdırmaq istərdik. Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir”.












