Ermənistanda seçki nəticələri: “Bundan sonra Ermənistanla münasibətlərimiz yeni bir mərhələyə qədəm qoyacaq”
“Bundan sonra Ermənistanla münasibətlərimiz yeni bir mərhələyə qədəm qoymuş olacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qələbə qazanması, seçkidən sonra Azərbaycanla münasibətlərin hansı həddə olacağı ilə bağlı öz fikirlərini bölüşüb:
“Ermənistan qədər Azərbaycanda da seçkilərin nəticələri diqqətlə izlənilirdi. Bizim üçün bu seçkilər çox vacib idi. Sevindirici haldır ki, Ermənistanda revanşistlər deyil, Azərbaycanla münasibətləri dəstəkləyən bir hakimiyyət seçildi. Hesab edirəm ki, Paşinyan bu nəticəyə əmin idi və artıq növbəti mərhələdə biz münasibətlərin daha yüksək səviyyəyə qalxdığının şahidi olacağıq. Ötən dövrdəki proseslərə baxanda bu gün Azərbaycan inkişaf və sülh yolunda böyük məsafə qət edib. Biz artıq səhərlərimizi şəhid xəbərləri ilə açmırıq, atəşkəs xəbəri ilə açmırıq. Artıq Ermənistanla ticarət dövriyyəsi var, növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması, ticarət dövriyyəsinin artırılması, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanda konstitusiyaya dəyişiklik edilməsi planlaşdırılan məsələlərdəndir. Hesab edirəm ki, bu seçkilərdən sonra Azərbaycan Ermənistanla münasibətləri daha da inkişaf etdirəcək, əlaqə və münasibətlərimizin yeni bir mərhələyə daxil olduğunun şahidi olacağıq və bu da bölgəmizə sülhün gəlməsi, əməkdaşlığ və birgə yaşayışın bərqarar olunmasına çox ciddi töhfələr verəcək.”
Nurlan Cəfəri













