Rusiyanın Dərbənd şəhərində Rusiya və Azərbaycan nümayəndə heyətlərinin görüşü olub.
İqtisadiyyat Nazirliyindən Yenicg.az-a verilən məlumata görə, Azərbaycan tərəfdən nümayəndə heyətinə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daxildir.
Rusiya tərəfi isə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin rəhbərliyi ilə əlaqədar qurumların nümayəndələrinin və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilevin daxil olduğu heyətlə təmsil olunub.
İqtisadiyyat naziri Şahin Mustafayev xalqlarımız və ölkələrimiz arasındakı dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətləri, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentləri əlaqələrin inkişafına böyük önəm verir, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə də birinci yerdədir. Təkcə ötən ildə iki ölkə arasında ticarət dövriyyəsi 20% artıb.
Azərbaycan və Rusiya arasında nəqliyyat-tranzit sahəsində həyata keçirilən layihələr barədə məlumat verən iqtisadiyyat naziri Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin iqtisadi-ticarət əlaqələrinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Görüşdə ölkələrimiz arasında energetika, sənaye, turizm, kənd təsərrüfatı, meliorasiya, gömrük, mədəniyyət, təhsil və s. sahələrdə əlaqələrin inkişaf etdiyi və əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd olunub.
Rusiyanın İqtisadi İnkişaf naziri, Komissiyanın həmsədri M.Oreşkin qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsinə əsaslanan əməkdaşlığımız inkişaf edir. M.Oreşkin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı vurğulayaraq, əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bildirib, aparılan müzakirələrin əlaqələrin inkişafı, xüsusilə də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını diqqətə çatdırıb. Rusiyalı nazir Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin iki ölkə arasında artan ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri “Narın Qala” tarixi abidəsi ilə tanış olublar. Nümayəndə heyətinə Dərbənd qalasının bir hissəsini təşkil edən “Narın Qala” istehkamına daxil olan tarixi memarlıq abidələri barədə məlumat verilib.
Azərbaycan və Rusiya nümayəndə heyətləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədində “Yaraq-Qazmalar”, “Samur” sərhəd buraxılış məntəqələrinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.
Qeyd edək ki, Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi davam etdirilir. Avtomobil körpüsünün tikintisi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində reallaşdırılan mühüm layihələrdən biridir. Körpünün inşasına 2018-ci ilin fevralında başlanılıb. İki hərəkət zolaqlı yeni körpünün uzunluğu 325 metr, eni 17.3 metr olacaq. Artıq körpünün svaylarının qazılması, bünövrə və körpü dayaqlarının tikintisi tamamlanıb. Körpünün 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bu layihə Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.
www.yenicag.az