Diplomatiyanın İNCƏ OYUNLARI: Qərb niyə Ukraynanı “keçi qiyməti”nə SATDI? – Rəfi Müslümov yazır

media-hightechnic-468x90

Ukrayna müharibəsinin diplomatik cəbhəsində yeni bir mərhələ başlanır. Vaşinqton Kiyevə təzyiqləri artırsa da, Moskva ilə bağlı daha yumşaq mövqe tutur. Bunun başlıca səbəbi isə Ağ Evdə Donald Trampın olmasıdır. ABŞ-nin daxili siyasi reallıqları Ukraynanı daha həssas vəziyyətə salır və onu bəzən istəmədiyi kompromislərə getməyə vadar edir. Bu isə yalnız müharibə meydanında deyil, siyasi arenada da tarazlığın dəyişməsinə səbəb olur.

Müharibə başlayandan bəri Ukraynanın əsas məqsədi Qərbin tam dəstəyini qorumaq olub. Lakin son aylar Kiyevə yönəlik ritorika dəyişib. Yəni ABŞ Ukraynaya təzyiqi artırmaq üçün “qırğın” terminindən istifadə etməyə başlayıb və bununla da məsuliyyəti Kiyevin üzərinə yükləməyə çalışır. Halbuki ortada real mənzərə var və bu, Ukraynanın deyil, Rusiyanın apardığı təcavüzkar müharibədir. Digər tərəfdən, Ukrayna ABŞ ilə münasibətləri qorumağa məcburdur. Çünki indiki məqamda Vaşinqtonun dəstəyindən məhrum olmaq həm də döyüş meydanında ciddi geriləməyə yol aça bilər.

Məhz bu səbəbdən Ər-Riyad görüşlərində Ukrayna müəyyən güzəştlərə getmək məcburiyyətində qaldı. Xüsusilə Qara dənizdəki vəziyyət diqqət çəkir. Bu günə qədər Kiyev Moskvanın iştirakı olmadan da “taxıl dəhlizi”ni uğurla işlədirdi, lakin yeni razılaşmalar fonunda əlavə öhdəliklər götürmək məcburiyyətində qaldı. Bu isə Ukraynanın strateji maraqları baxımından çətin seçimlərdən biri oldu. Lakin geosiyasi reallıqlar bəzən məcburi kompromisləri qaçılmaz edir.

Gələcək danışıqlarda diqqətçəkən əsas məqamlardan biri də Rusiyaya qarşı sanksiyaların yumşaldılması ehtimalıdır. Moskva infrastruktur və dəniz təhlükəsizliyi ilə bağlı müəyyən güzəştlərin müqabilində bəzi banklarının SWIFT sisteminə qoşulmasını tələb edir. Bu tələb də birbaşa ABŞ-dən yox, Avropadan asılıdır. Ona görə də Brüssel bu məsələdə hansı mövqeni tutacaq, bu, yaxın günlərdə aydınlaşacaq. Parisdə baş tutacaq görüşlər də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Zelenski bu səfər zamanı Makronla görüşərək Avropanın mövqeyini dəqiqləşdirməyə çalışacaq.

Ancaq Rusiya da burada dayanmaq niyyətində deyil. Kreml Trampın onların maraqlarına uyğun addımlar atacağına əmindir və bu ümidlə danışıqlarda daha sərt mövqe nümayiş etdirir. Xüsusilə də Moskvanın nəzarət etmədiyi ərazilərə dair iddialar irəli sürməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Vaşinqton isə hələlik bu məsələyə açıq şəkildə münasibət bildirməkdən çəkinir. Görünən odur ki, ABŞ bu mərhələdə Ukraynaya ciddi təzyiq göstərməkdən yayınır. Lakin Kiyev üçün bu, keçilməz “qırmızı xətt” olaraq qalır və burada hər hansı güzəştin edilməsi mümkün görünmür.

Bu məqamda əsas sual ortaya çıxır: Avropa nə qədər prinsipial mövqe sərgiləyəcək? Paris görüşü yalnız Ukrayna üçün deyil, bütövlükdə Qərbin geosiyasi mövqeyi üçün həlledici ola bilər. Avropa açıq şəkildə bəyan etməlidir ki, Ukraynanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və bu məsələdə heç bir güzəşt olmayacaq. Əgər Kiyev bu dəstəyi tam hiss etməsə, diplomatik cəbhədə daha ağır kompromislərə getmək məcburiyyətində qala bilər.

Müharibənin təkcə döyüş meydanında deyil, diplomatik masada da aparıldığı unudulmamalıdır. Ər-Riyad görüşləri, Paris müzakirələri və ümumilikdə Qərbin strateji yanaşması yaxın gələcəkdə bu münaqişənin hansı istiqamətə yönələcəyini müəyyən edəcək.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600