“Müvəqqəti yaşama icazəsi başqa, siyasi sığınacaq başqa şeydir” – Mühacir hüquqşünas Gültəkin Hacıbəylinin deportasiyasını ŞƏRH ETDİ 

media-hightechnic-468x90

Sabiq millət vəkili Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiyası ətrafında müzakirələr, iddialar və ehtimallar fonunda məsələnin siyasi yox, hüquqi müstəvidə qiymətləndirilməsi zərurəti ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Almaniyada yaşayan mühacir hüquqşünas Əlövsət Əliyev Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana verilməsi ilə bağlı ictimai rəyə bilərəkdən yanlış təsir göstərildiyi qənaətindədir.

“Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiyası ətrafında elə bir rəy formalaşdırmağa çalışırlar ki, guya burada hansısa gizli siyasi alver, pərdəarxası razılaşma var. Halbuki ortada olan çox sadə bir hüquqi mexanizmdir. Kiməsə simpatiyamız ola, ya olmaya bilər, amma bu, hüquqi reallığı dəyişmir”, – Ə. Əliyev bildirib.

Hüquqşünas müvəqqəti yaşama icazəsi ilə siyasi sığınacaq arasındakı fərqin qəsdən qarışdırıldığını vurğulayır:

“Əvvəla, hamı anlamalıdır ki, hansısa ölkədə müvəqqəti yaşama icazəsi almaq həmin şəxsin siyasi sığınacaq alması demək deyil. Müvəqqəti yaşama icazəsi adi miqrasiya prosedurudur, çox vaxt müddətli, şərtli verilir və istənilən anda dayandırıla bilər. Siyasi sığınacaq isə tam fərqli hüquqi statusdur: qaçqın kimi tanınma, beynəlxalq müdafiə, konvensiya öhdəlikləri və s. Bunları bilərək susmaq və camaata başqa şey danışmaq doğru deyil”.

Əlövsət Əliyevin sözlərinə görə, bu tip hallarda dövlətlərarası əməkdaşlıq və mövcud sazişlər əsas götürülür:

“Əgər bir şəxs haqqında hansısa ölkənin axtarış qərarı, məhkəmə hökmü, yaxud cinayət təqibi ilə bağlı rəsmi sorğu varsa və bu iki ölkə arasında readmissiya, ekstradisiya, yaxud digər hüquqi yardım mexanizmləri mövcuddursa, həmin şəxsin verilməsi hüquqi prosedur çərçivəsində həyata keçirilir. Burada “xoşuma gəlir, xoşuma gəlmir” meyarı işləmir”.

Hüquqşünas əlavə edib ki, siyasi ritorika ilə hüquqi faktların qarışdırılması ictimai rəyi çaşdırır:

“İnsanlara bu məsələ emosional fonla təqdim olunur. Sosial şəbəkədə pafoslu çıxışlar, böyük sözlər, “xəyanət”, “siyasi alver” ittihamları səslənir. Amma konkret hüquqi sənədlər, qərarlar, müddəalar barədə heç nə deyilmir. Məsələyə ciddi yanaşmaq istəyiriksə, ilk növbədə, hüquqi statusu, aidiyyəti qurumların qərarlarını, ölkələrarası müqavilələri açıb göstərmək lazımdır. Yoxsa hər şeyi siyasi şouya çevirmək çox asandır”.

Onun fikrincə, Gültəkin Hacıbəylinin işi ilə bağlı irəli sürülən çoxsaylı iddialar fakt yox, subyektiv şərhlərə söykənir:

“Kiminsə fəaliyyəti, mövqeyi, hakimiyyətə münasibəti ayrı məsələdir, hüquqi statusu isə tamam başqa. Hüquqi mexanizm işləyirsə, bu, avtomatik şəkildə “siyasi sövdələşmə” anlamına gəlmir. Bu fərqi qoymaq lazımdır. Əks halda, sabah istənilən hüquqi prosedur barədə “siyasi qərardır” deyib keçə bilərlər”.

Əlövsət Əliyev sonda qeyd edib ki, ictimaiyyətə məlumat verən şəxslər, xüsusən də hüquq sahəsində olanlar məsuliyyətli davranmalı, prosesləri bilərəkdən siyasiləşdirməməlidirlər.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa