Doğu Akdeniz Universiteti və “EDDE Global”ın birgə tədbiri BAŞ TUTDU – FOTO/VİDEO
Xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “EDDE Global” və Şimali Kipr Türk Respublikasının dövlət ali təhsil müəssisəsi Doğu Akdeniz Universiteti (DAÜ) Azərbaycanda təqdimat tədbiri təşkil edib. Tədbirdə 100-ə yaxın xaricdə təhsil şirkəti iştirak edib və universitetin təhsil imkanları ilə yaxından tanış olub.
Yenicag.az xəbər verir ki, təqdimatda iştirakçılara DAÜ-nün 80%-dək özəl təqaüd imkanları, Marmara Universiteti ilə ortaq tibb proqramı, Sağlıq Bilimləri Universiteti ilə birgə diş həkimliyi proqramı, yataqxanalar, tədris infrastrukturu, eləcə də Şimali Kipr Türk Respublikası haqqında ətraflı məlumat verilib.
Doğu Akdeniz Universitetinin Rektor Koordinatoru Dos.Dr. Tolga Çelik Azərbaycan torpağında olmaqdan böyük qürur duyduqlarını söyləyib:
“Şimali Kipr Türk Respublikasının yeganə dövlət və beynəlxalq akkreditasiya almış universiteti olan DAÜ olaraq, “EDDE Global” ilə birlikdə məhsuldar bir seminar təşkil etdik. Bu cür təşəbbüslər təkcə tələbə cəlb etməyə deyil, həm də Azərbaycan və Şimali Kipr arasında ortaq vizyon və strateji əməkdaşlıqların güclənməsinə xidmət edir. Növbəti illərdə 2.000-dən çox azərbaycanlı tələbəni universitetimizdə görmək istəyirik”.
Universitetin Tanıtım Müşaviri Dos. Dr. Emrah Öney isə əlavə edib ki, Doğu Akdeniz Universiteti olaraq təhsil keyfiyyəti, beynəlxalq akkreditasiyalarımız və tələbəyönümlü yanaşmamızla regionda seçilən ali təhsil müəssisələrindən biridir:
“EDDE Global” ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində Azərbaycanda bu cür yüksək səviyyəli tədbirin keçirilməsi bizim üçün olduqca önəmlidir. EDDE Global-ın təşəbbüsü və peşəkar dəstəyi sayəsində azərbaycanlı təhsil məsləhətçilərinə universitetimizlə bağlı dəqiq və dolğun məlumatları birbaşa təqdim etmək fürsəti qazandıq. Bu əməkdaşlıq gələcəkdə tələbə qəbulu və ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. DAÜ-nün qapıları Azərbaycan gəncliyinə hər zaman açıqdır.”
“EDDE Global”ın direktoru Miryusif Cavadzadə isə vurğulayıb ki, Doğu Akdeniz Universiteti ilə Azərbaycanın aparıcı təhsil şirkətlərini bir araya gətirmək bizim üçün böyük fəxrdir:
“DAÜ-nü ölkəmizdə layiqincə təmsil edərək tələbələrin yüksək keyfiyyətli təhsilə çıxışını təmin etmək əsas məqsədimizdir. Xaricdə təhsil ekosisteminin inkişafı üçün bu cür görüşlər olduqca vacibdir və bu istiqamətdə fəaliyyətlərimiz davam edəcək”.
Xaricdə Təhsil Şirkətləri Assosiasiyasının (ASAC) sədri Bəxtiyar Nəcəfov isə tədbirlə bağlı qeyd edib ki, ASAC olaraq, nüfuzlu universitetlərlə yerli şirkətləri bir araya gətirən bu təşəbbüsləri yeni və faydalı bir ənənənin başlanğıcı hesab edilir:
“Bu gün keçirilən görüş ASAC-ın dəyərli üzvü və sədr müavini Miryusif Cavadzadənin rəhbərlik etdiyi “EDDE Global”ın təşəbbüsü ilə reallaşdı. Doğu Akdeniz Universiteti ilə qurulan bu əməkdaşlıq tələbələrimizə keyfiyyətli xidmətlərin göstərilməsində və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsində mühüm rol oynayacaq”.
Qeyd edək ki, Doğu Akdeniz Universiteti “Times Higher Education” və “QS World University Rankings” reytinq sistemlərində dünyanın ən yaxşı 600 universiteti sırasında yer alır. Universitetin 27 beynəlxalq akkreditasiyası mövcuddur ki, bu da onu qlobal akademik məkanda tanınan ali təhsil müəssisəsinə çevirir.
Rafi Müslümov
Samir Məcidov