Doğum 3 dəfə AZALDI: Azərbaycanda demoqrafik TƏHLÜKƏ BÖYÜYÜR
“Əgər bu gedişat davam edərsə, yaxın onilliklərdə əhalinin sayı sürətlə azalacaq, yaşlı əhali payı artacaq və nəticədə Azərbaycan xalqı demoqrafik cəhətdən məhv olma təhlükəsi ilə üz-üzə qalacaq”.
Bunu Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı Azərbaycanın demoqrafik statistikasında hər il daha da azalma müşahidə olunmasına münasibət bildirərkən deyib.

Sosioloq bildirib ki, son statistikalar Azərbaycanın artıq demoqrafik fəlakət mərhələsinə çatdığını göstərir:
“Son 10–15 ildə doğumun azalması təhlükəli həddə düşüb. Sovet dövründə, 1990–1991-ci illərdə respublikada təxminən 200 min uşaq doğulurdu və əhali 7 milyon idi. Bu, hər 1 milyon nəfərə 30 min uşaq demək idi. İndi isə 10 milyon əhaliyə cəmi 100 min uşaq doğulur, yəni hər 1 milyon nəfərə 10 min uşaq. Doğumun üç dəfə azalması dünya miqyasında misilsiz fəlakətdir. Hətta əhalisi azalan Avropa ölkələrində belə bu dərəcədə azalma müşahidə edilmir. Azalmanın əsas səbəbləri sosial-iqtisadi problemlərlə – evsizlik, işsizlik, maddi çətinlik, gəlir bərabərsizliyi və həyat tərzinin ifrat şəkildə maddiləşməsi ilə bağlıdır. Bu amillər təxminən 90% təsir göstərir. Qalan 10% isə ailə və milli-mənəvi dəyərlərin deqradasiyası ilə əlaqədardır.
Ailə qurulması və çoxuşaqlılıq səviyyəsi kəskin şəkildə aşağı düşüb, boşanmalar isə rekord həddə çatır – hər iki ailədən biri dağılır. Aidiyyəti qurumlar tərəfindən çoxuşaqlı ailələrin dəstəklənməsi üçün real proqram yoxdur. Halbuki dünyanın demoqrafik azalması olmayan ölkələrində belə ailə və doğuma dair sosial dəstək paketləri mövcuddur. Bir çox ölkələrdə ailə qurulmasına görə birdəfəlik yardım, hər uşaq üçün aylıq müavinətlər, üç və daha çox uşağı olan ailələrə əlavə güzəştlər, ev və torpaq sahələri kimi stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirlər sayəsində həmin ölkələr azalma prosesinin qarşısını müəyyən dərəcədə ala bilirlər”.
Elçin Bayramlı qeyd edib ki, Azərbaycanda dəstək mexanizmlərinin olmaması vəziyyəti daha da ağırlaşdırır:
“Ailə institutunun dağılması, gənclərin evlənmə yaşının 30-u keçməsi, doğumun bir uşaqlı ailə modelinə çevrilməsi artıq milli miqyasda böhran yaradır. Rəsmi olaraq çoxuşaqlı ailə meyarı 6 uşaqdan başlayır, halbuki bu say praktik olaraq mövcud deyil. Reallıqda çoxuşaqlı ailə anlayışı 3 uşaqdan başlanır. Hətta qonşu Ermənistan belə ailə və uşaq üçün daha yüksək müavinətlər, çoxuşaqlılığa görə əlavə yardımlar və stimullar təqdim edir. Azərbaycanda isə uşaqpulu və birdəfəlik doğum yardımı çox aşağı səviyyədədir.
Azərbaycanın sosial və maddi imkanları digər region ölkələrindən dəfələrlə üstün olmasına baxmayaraq, əhalinin sosial vəziyyəti əksinə olaraq daha ağırdır. Pensiyalar, maaşlar və sosial təminat sahəsində ciddi fərqlər mövcuddur. Strateji valyuta ehtiyatları toplanır, lakin bu vəsaitlər əhalinin artan sosial və demoqrafik problemlərinin həllinə yönəldilmir. Əgər bu gedişat davam edərsə, yaxın onilliklərdə əhalinin sayı sürətlə azalacaq, yaşlı əhali payı artacaq və nəticədə Azərbaycan xalqı demoqrafik cəhətdən məhv olma təhlükəsi ilə üz-üzə qalacaq. Problemin qarşısını almaq üçün təcili olaraq ailə, doğum və gənclərin sosial rifahını dəstəkləyən genişmiqyaslı proqramlar hazırlanmalı və həyata keçirilməlidir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












