Doha Forumuna damğa vuran Azərbaycan-Ermənistan dialoqu və Qafqazdakı yeni reallıqlar – Aqil Ələsgər yazır
Bütün tərəflər və tərəfsizlər qəbul edir ki, Cənubi Qafqazda artıq yeni reallıqlar yaranıb və Doha Forumu bu reallıqların həm siyasi, həm də diplomatik müstəvidə vizual nümayiş olunduğu bir platformaya çevrildi.
Müharibə dövrünün sərt ritorikası yerini tədricən sülh, kommunikasiya və geo-iqtisadi əməkdaşlıq gündəminə verir. Bu yeni mərhələnin mərkəzində isə Azərbaycanın təşəbbüskarlığı, siyasi iradəsi və diplomatik fəallığı dayanır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Dohada ilk dəfə “Euronews”a birgə müsahibə verməsi bu yeni reallığın simvolik təsdiqidir. İllərlə bir-birini yalnız qapalı, sərt bəyanatlarda hədəf alan tərəflərin indi beynəlxalq media qarşısında yanaşı əyləşib sülh prosesindən danışması göstərir ki, Cənubi Qafqaz artıq müharibə meydanı kimi deyil, sülh gündəmi qurulan region kimi təqdim olunur.
Hər iki tərəf söhbət zamanı 2020-ci ildən start götürən sülh prosesinin mərhələlərini və gələcək istiqamətlərini dəyərləndirib. Onların vurğuladığı mühüm məqam odur ki, Azərbaycan–Ermənistan danışıqlarının əsas dialoq kanalları məhz 2020-ci ildən sonra formalaşıb. Bu çərçivədə Avropa İttifaqının iştirakı və texniki-siyasi dəstəyi danışıqlar üçün platforma rolunu oynayıb, lakin prosesin mahiyyətini müəyyən edən, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, suverenlik və ərazi bütövlüyünün tanınması kimi baza məsələlərinə real məzmun verən tərəf məhz Azərbaycan olub.
Bu kontekstdə xüsusilə qeyd olunmalı məqamlardan biri də odur ki, danışıqlar marafonunun kulminasiya nöqtəsi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda sülh sazişinin paraflanması olub. Bu fakt, əslində, iki mühüm gerçəkliyi göstərir: birincisi, Azərbaycan sülh gündəmindən qaçan yox, onu son mərhələyə qədər aparan tərəfdir; ikincisi, Qərb paytaxtları üçün Cənubi Qafqazda sülhün real tərəfdaşı və dayanıqlı münasibət qurula biləcək aktor məhz Bakıdır. Yəni prosesə müxtəlif platformalar qoşulsa da, regiondakı yeni siyasi arxitekturanın sütunu Azərbaycanın iradəsi üzərində formalaşır.
Bu mənzərədə diqqət çəkən mühüm xəttlərdən biri də Türkiyənin mövqeyidir. Ankara bütün proses boyu Azərbaycanla eyni strateji xətt üzrə hərəkət edib, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasının əsas tərəfdarlarından biri kimi çıxış edib. Türkiyə açıq şəkildə bəyan edir ki, Ermənistanla münasibətlərin normallaşmasına hazırdır, kommunikasiyaların açılmasını, regionun inteqrasiya olunmuş nəqliyyat və enerji məkanına çevrilməsini istəyir. Lakin burada bir fundamental şərt qoyulur: Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam əməl etməli, Bakının haqlı tələblərini faktiki siyasətə çevirməlidir. Yəni Ankara üçün normallaşma prosesinin açar nöqtəsi Azərbaycanla həmrəy mövqenin qorunması və Ermənistanın bu yeni regional reallığı şərtsiz qəbul etməsidir.
Doha Forumunda Hikmət Hacıyevin fəallığı təkcə Ermənistanla dialoq çərçivəsində deyil, həm də Azərbaycanın Qərbə və qlobal arenaya ünvanladığı mesajlar fonunda əhəmiyyət kəsb edir. Bakı açıq şəkildə göstərir ki, Cənubi Qafqazda yeni reallıqların müəllifi özüdür: münaqişənin hərbi mərhələsini öz gücü ilə bağlayan, post-müharibə dövrünün hüquqi-siyasi konturlarını diktə edən, indi isə bu zəmin üzərində regional sülh və inteqrasiya gündəmini quran tərəf Azərbaycan olaraq qalır. Sülhü kənardan “diktə” kimi yox, region dövlətlərinin suveren iradəsi kimi təqdim etmək də Bakının strateji yanaşmasının tərkib hissəsidir.
Bu mənzərədə Qərbin rolu daha çox texniki meydan, vasitəçi və moderator funksiyası ilə məhdudlaşır, geosiyasi və normativ çərçivələr təklif olunsa da, onların praktikaya çevrilməsi üçün tələb olunan əsas şərt – sahədə güc balansı, siyasi iradə və təhlükəsizlik arxitekturası artıq Azərbaycanın müəyyən etdiyi reallıqlar əsasında formalaşıb. Doha Forumunda Hacıyev–Qriqoryan tandemi, əslində, bu reallığın beynəlxalq ictimaiyyətə nümayişidir: Azərbaycan sülh prosesini nəzarətdə saxlayan, öz maraqlarını qoruyaraq regionu yeni geo-iqtisadi mərhələyə daşıyan aparıcı oyunçu kimi çıxış edir və Qərbə də mesajı budur: Cənubi Qafqazda dayanıqlı sabitlik üçün Bakı ilə işləmək zərurətdir, seçim yox.
Beləliklə, Doha hadisəsi nə Qərbin diplomatik şousu, nə də formal görüntüdür. Bu, Cənubi Qafqazda yaranmış yeni güc balansının, Azərbaycanın qazandığı siyasi üstünlüyün və Bakının sülh gündəmini öz əlində cəmləşdirməsinin, həmçinin Türkiyə ilə sıx strateji koordinasiya şəraitində regiona yeni siyasi nəfəs verilməsinin beynəlxalq arenada vizuallaşmasıdır. Yeni reallıqlar fonunda artıq sual “sülh olacaq, ya yox?” deyil, “sülhü hansı şərtlərlə və hansı regional arxitektura üzərində quracağıq?” sualıdır və bu sualın cavabında əsas söz sahibi də məhz Azərbaycandır.
Aqil Ələsgər












