Trampın gizli əli: Hər daşın altından çıxan “Chevron”un Azərbaycan planı
ABŞ Prezidenti Donald Trampın administrasiyasının atdığı bir çox geosiyasi addımın arxasında eyni enerji gücü görünür – “Chevron”. Administrasiyanın xarici siyasət kursu getdikcə daha açıq şəkildə enerji maraqları üzərində qurulur və “Chevron” bu xəttin əsas icraçılarından biri kimi çıxış edir.
Venesuelaya qarşı sanksiyalardan tutmuş Yaxın Şərq açılımına, Şərqi Aralıq dənizindən Suriyaya qədər uzanan proseslərdə “Chevron”un adı, demək olar, hər yerdə qarşıya çıxır. Bu tablo Trampın geosiyasi baxışında neft və qazın əsas siyasi alətə çevrildiyini göstərir.
Türkiyə – Suriya xəttində enerji diplomatiyası
2025-ci ildə “Türkiye Petrolleri” ilə “Chevron” arasında imzalanan memorandum Tramp administrasiyasının regionda enerji üzərindən yeni tərəfdaşlıq modeli qurduğunu göstərir. Bu razılaşma Türkiyənin enerji sahəsində qlobal oyunçu olmaq istəyinə uyğun gəlir və eyni zamanda, Şərqi Aralıq dənizində Türkiyəni kənarda saxlayan mövcud düzənə alternativ yol açır.
Eyni vaxtda Suriya rəhbərliyi də “Chevron”la əməkdaşlıq barədə razılaşma imzalayıb. Bu addım Suriya enerji sektorunun Qərb şirkətlərinə açılması ilə yanaşı, Türkiyə–Suriya xəttində enerji üzərindən yeni diplomatik imkanların yarandığını göstərir. Tramp administrasiyası bu prosesi regionda təsirini artırmaq üçün alət kimi istifadə edir.
Venesuela: enerji üzərindən təzyiq siyasəti
“Chevron”un qlobal strategiyasında Venesuela hələ də xüsusi yer tutur. Şirkət uzun illərdir Venesuelanın dövlət neft şirkəti PDVSA ilə birgə işləyən yeganə böyük ABŞ enerji nəhəngi olub.
Hazırda Tramp administrasiyası “Chevron”un Venesueladakı fəaliyyətinə verilən lisenziyaları ləğv edərək sanksiyaları sərtləşdirib. Bununla da enerji birbaşa siyasi təzyiq vasitəsinə çevrilib. Vaşinqton neft ixracını məhdudlaşdırmaqla Karakası sıxışdırır, “Chevron” isə bu strategiyanın mərkəzində dayanır.
İsrail – Misir qaz xətti
“Chevron”un Tramp dövründə atdığı ən mühüm addımlardan biri Leviathan qaz yatağından çıxarılan qazın Misirə daşınmasının genişləndirilməsidir. Nitzana boru xətti layihəsi İsrail qazının Misirə və oradan Avropaya çıxışını sürətləndirir.
Bu xətt təkcə kommersiya layihəsi deyil. O, İsrail və Misir arasında böhran dövrlərində belə işləyən enerji əsaslı diplomatik körpü rolunu oynayır. “Chevron” isə bu körpünün əsas operatoru olaraq Tramp administrasiyasının regional prioritetlərinə uyğun hərəkət edir.
Şərqi Aralıq dənizində LNG mərkəzi
Misir “Chevron”un Şərqi Aralıq dənizi strategiyasında əsas ixrac qapısına çevrilib. Cənubi Kipr və İsrail qazının Misir LNG terminalları üzərindən Avropaya daşınması planı Tramp administrasiyasının Avropanın enerji təhlükəsizliyinə təsir etmək niyyətini açıq göstərir.
Burada enerji artıq sadəcə iqtisadi resurs deyil, siyasi təsir vasitəsidir. “Chevron” bu çoxqatlı enerji diplomatiyasında əsas icraçı rolunu oynayır.
Afrodit planı və rum xətti
2025-ci ildə “Chevron”un rəhbərlik etdiyi konsorsiumla Cənubi Kipr arasında təsdiqlənən “Afrodit” qaz yatağı planı bu sahəni real istehsal mərhələsinə gətirib. Qazın Misirə ötürülərək LNG-yə çevrilməsi və Avropaya göndərilməsi nəzərdə tutulur. Bu addım rumların bölgədə enerji mərkəzi olmaq iddiasını gücləndirir və Tramp administrasiyasının Şərqi Aralıq dənizi siyasəti ilə üst-üstə düşür.
Hər daşın altından “Chevron” çıxır
Trampın hazırkı prezidentliyi dövründə ortaya çıxan mənzərə aydındır. Türkiyədən Suriyaya, İsraildən Misirə, Venesueladan Avropaya qədər uzanan enerji xəritəsində “Chevron”, demək olar, hər nöqtədə var. Neft və qaz Tramp administrasiyası üçün diplomatiyanın əsas alətinə çevrilib və “Chevron” bu siyasətin səssiz, amma təsirli icraçısıdır.
Azərbaycan ayrıca xətt kimi
“Chevron” üçün Azərbaycan təkcə enerji resursları ilə deyil, eyni zamanda, uzunmüddətli etibarlılığı və siyasi sabitliyi ilə də cəlbedici tərəfdaşdır. Şirkətin rəhbərliyinin İlham Əliyevlə görüşlərdə bu marağı açıq şəkildə ifadə etməsi təsadüfi deyil. “Azəri-Çıraq-Günəşli” kimi strateji yataqlarda əməkdaşlığın davam etdirilməsi, “Chevron”un Azərbaycanı regionda əsas enerji dayaq nöqtələrindən biri kimi gördüyünü göstərir. Bu fakt onu deməyə əsas verir ki, “Chevron” üçün Azərbaycan yalnız mövcud layihə yox, həm də gələcək regional enerji planlarında xüsusi yer tutan strateji tərəfdaşdır.
“Yeni Çağ” Təhlil Qrupu












