İntensivləşən Azərbaycan-ABŞ əlaqələri: Bakı-Vaşinqton münasibətləri yeni mərhələdə

media-hightechnic-468x90

Xəbər verildiyi kimi, yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib. Bu görüş ötən ilin avqustundan bəri iki lider arasında baş tutan sayca dördüncü görüş olmaqla, münasibətlərin intensiv xarakter daşıdığını və tərəflərin dialoqa xüsusi önəm verdiyini göstərir.

Bu intensivlik Bakı və Vaşinqton arasındakı münasibətlərin artıq keyfiyyətcə yeni, yüksək strateji müstəviyə keçdiyini nümayiş etdirir. Tərəflər arasındakı dialoqun bu qədər qısa müddətdə müntəzəm xarakter alması, ABŞ-nin yeni administrasiyasının Azərbaycanın regional və qlobal statusuna verdiyi əhəmiyyətin əyani təzahürüdür.

Görüşün Davos Forumu çərçivəsində baş tutması onu qlobal siyasi və iqtisadi gündəliklə birləşdirir. İlham Əliyev və Donald Trampın müzakirələri təkcə ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmayıb, həm də regionda sülhün möhkəmlənməsi və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından strateji mesajlar verilib. Trampın yenidən hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsindən məmnunluq ifadə olunması, Vaşinqtonda əldə edilmiş razılaşmaların tarixi əhəmiyyətinin vurğulanması ABŞ-nin sülh gündəliyində oynadığı rolu bir daha ön plana çıxardı. İlham Əliyevin regionda artıq sülhün mövcud olduğunu qeyd etməsi və bunun ticarət münasibətlərində özünü göstərməsi, xüsusilə neft məhsullarının və taxılın Ermənistana çatdırılması faktı, münaqişədən sonra yaranmış yeni reallıqların praktik nəticələrini ortaya qoyur.

Zəngəzur dəhlizi və TRIPP layihəsinin regional bağlantılar üçün əhəmiyyətinin vurğulanması Azərbaycanın geosiyasi mövqeyini gücləndirən amillərdən biridir. Bu layihələr təkcə iqtisadi tranzit imkanlarını artırmır, həm də regionun sabitliyinə və əməkdaşlıq mühitinə töhfə verir.

ABŞ Prezidentinin təşəbbüsü ilə yaradılan Sülh Şurasının müzakirəyə çıxarılması isə Azərbaycanın qlobal sülh təşəbbüslərində fəal iştirakını təsdiqləyir. Azərbaycanın təsisçi üzv qismində bu quruma dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun artdığını və ABŞ ilə strateji tərəfdaşlığın yeni məzmun qazandığını göstərir.

Görüşün ümumi ruhu onu göstərir ki, Azərbaycan və ABŞ arasında münasibətlər artıq yalnız enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşmır, daha geniş miqyasda siyasi, iqtisadi və humanitar əməkdaşlıq platformasına çevrilir. Davos görüşü həm regional sülhün davamlılığını, həm də qlobal miqyasda Azərbaycanın rolunun artdığını nümayiş etdirdi. Bu, Azərbaycanın diplomatik xəttində balanslı siyasətin və çoxşaxəli tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa