Avropalı seçir, azərbaycanlı məcbur qalır: Evdə təhsilin iki üzü
Zəngin ailələr uşaqlarının təhsili üçün Almaniyaya köçür. Amma maraqlı bir tendensiya da var: bəzi alman ailələri isə məhz təhsil sisteminə görə ölkəni tərk edir. Almaniyada altı yaşdan etibarən məktəbə getmək məcburidir və bu təhsil mütləq məktəb binasında aparılmalıdır. Evdə təhsil yalnız istisna hallarda mümkündür və ciddi cəzalarla müşayiət olunur.
Yenicag.az xəbər verir ki, “Der Spiegel” jurnalı bu sərt qaydaların bəzi ailələr üçün dözülməz həddə çatdırdığını yazıb.
Betz ailəsi də həmin ailələrdən biridir. Onlar uşaqlarını evdə oxuda bilmək üçün Almaniyanı tərk edərək Danimarkanın Padborq şəhərinə köçüblər. Ana Betz ailələrini açıq şəkildə “təhsil qaçqınları” adlandırır və Almaniyadakı sistemi boğucu hesab etdiklərini deyir.
Danimarkada daha sərbəst yanaşma
Danimarka Konstitusiyası valideynlərə daha geniş azadlıq verir. Şərt odur ki, uşağa dövlət məktəbi səviyyəsində təhsil verilsin. Məhz buna görə Padborq və Cənubi Yutland bölgəsində son beş ildə evdə təhsil alan uşaqların sayı sürətlə artıb. Bu uşaqların böyük əksəriyyəti Almaniyadan köçən ailələrə aiddir.
Yerli qurumların məlumatına görə, Covid-19 pandemiyası bu prosesi xeyli sürətləndirib. Pandemiya dövründə tətbiq olunan çevik təhsil forması bir çox ailəyə alternativin mümkün olduğunu göstərib. Normal rejimə qayıdış isə bu ailələrin Almaniyanı tərk etməsinə səbəb olub.
Azadlığın də bahalı tərəfi var
Evdə təhsil ucuz deyil. Ailələr onlayn məktəblər və xüsusi dərslər üçün ayda 800–1000 avro xərcləyir. Betz ailəsinin uşaqları da ABŞ-də fəaliyyət göstərən onlayn məktəbdə oxuyur.
Dövlətlər üçün xəbərdarlıq siqnalı
Danimarkalı siyasətçilər bu tendensiyanın qalıcı olmasından narahatdır. Onlardan biri vəziyyəti belə ifadə edir: “Alman cəmiyyətindəki problemləri biz həll edə bilmərik”.
Uşaqlarını məktəbə göndərməyən məşhurlar
Xüsusilə ABŞ-də evdə təhsil qanuni olduğu üçün bir çox məşhur bu modeli seçib. Ancelina Coli və Brad Pitt uşaqlarını uzun müddət səyahət və praktiki biliklər üzərində qurulan evdə təhsillə böyüdüb. Uil Smit ailəsi klassik məktəb sistemini tənqid edərək yaradıcılığa üstünlük verib. Madonna turne dövrlərində uşaqlarını evdə və xüsusi müəllimlərlə oxudub. Türkiyədə isə Erkin Koray bir müddət qızını evdə oxutsa da, sonradan bu qərarını tənqid edib.
Azərbaycanda vəziyyət
Azərbaycanda da evdə təhsil ayrıca və sərbəst bir model kimi tanınmır. Qanunvericiliyə əsasən, ümumi orta təhsil məcburidir və əsasən, məktəb vasitəsilə həyata keçirilir. Yalnız sağlamlıq vəziyyəti ilə bağlı fərdi təhsil forması tətbiq oluna bilər.
Amma praktikada fərqli mənzərə də mövcuddur. Xüsusilə son illər bəzi imkanlı ailələr övladlarını yerli məktəblərdən çıxararaq xarici onlayn məktəblərə, beynəlxalq proqramlara və ya repetitor əsaslı fərdi təhsilə yönəldirlər. Bu uşaqlar formal olaraq məktəbdə qeydiyyatda qalsa da, real təhsil prosesi məktəbdən kənarda baş verir.
Digər tərəfdən, sosial səbəblər üzündən məktəbdən yayınma halları da mövcuddur. Regionlarda yoxsulluq, mövsümi əmək, ailə problemləri səbəbindən təhsildən kənarda qalan uşaqlar az deyil. Azərbaycanda da bu məsələ daha çox valideyn seçimi ilə yox, reallıqda yaranan məcburi vəziyyətlərlə əlaqəlidir. Ayrıca, Elm və Təhsil Nazirliyinin yürütdüyü təhsil siyasəti nəticəsində məktəblərdə oxuyanlarla oxumayanları seçmək də müşkülə çevrilib.












