!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dollar əvəzinə qızıl: “Qapalı iqtisadiyyat” Rusiyanı xilas edəcək?

!Reklam – Yazi

“Rusiyanın dolları qızıla dəyişmək cəhdləri onu sanksiyalar nəticəsində düşdüyü ağır durumdan çıxarmayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında başda ABŞ olmaqla, Qərbin davamlı sanksiyalarına məruz qalan Rusiyanın öz vəziyyətini düzəltmək üçün dolları qızıla dəyişmək cəhdinə münasibət bildirən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib.

Keçmiş deputatın sözlərinə görə, dolları qızıla dəyişmək niyyəti Moskvanın qapalı iqtisadiyyat yaratmaq cəhdindən başqa bir şey deyil:

“Hazırkı dünya iqtisadiyyatında beynəlxalq ticarət elə hala gəlib ki, ticarəti sadəcə, bir neçə ölkə ilə aparmaq mümkün və kifayət deyil. Belə olsaydı, təbii ki, dollardan imtina etmək çətinlik törətməzdi. O halda Rusiya bir neçə ölkə ilə qapalı ticarət dövriyyəsi yarada və dolları qızıla dəyişməklə, ABŞ valyutasından imtinanı asanlaşdıra bilərdi.

Ancaq dünya ticarətində dollarla hesablaşma göstəricisi 70 faizdən artıqdır. Ona görə də dollardan imtina edərək, onu qızıla dəyişmək heç də asan olmayacaq. Dünyada elə bir ölkə yoxdur ki, bütün texnoloji avadanlıqlar da daxil olmaqla, istehlak mallarını belə tam şəkildə özü istehsal etsin və nəticədə xarici ticarətə ehtiyac duymasın. Hətta ABŞ-ın özü və digər yüksək səviyyədə inkişaf etmiş ölkələr də başqa dövlətlərdən nələrsə alırlar.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) da ona görə yaranıb ki, bütün ölkələrin hüquqları bərabər şəkildə qorunsun. Bu səbəbdən də hesab edirəm ki, dolları qızıla dəyişmək niyyəti də, bəzi ölkələrlə ticarəti milli valyutalarla aparmaq cəhdi kimi, Rusiyanın növbəti “blef”idir”.

Bəydəmirlinin fikrincə, Moskva dolları qızıla dəyişəcəyini bəyan etməklə, üzləşdiyi sanksiyaların yüngülləşdirilməsinə dair məxfi danışıqlarda əlavə “kozır” qazanmağı düşünür:

“Təəssüf edirəm ki, ölkəmizə qonşu olan Rusiya və İran kimi ölkələr də qarşılıqlı ticarətdə belə addımlar atmağa cəhd edirlər. Onsuz da qızıl satılanda, qiymət dollar ekvivalenti ilə müəyyənləşir. Yəni nəyinsə qiymətini dəqiqləşdirmək üçün əksər ölkələrin qəbul etdiyi valyutadan istifadə olunur. Hazırda ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının 25 faizinə sahibdir.

Tərəfdaşları ilə birlikdə isə dünya iqtisadiyyatının əhəmiyyətli hissəsinə məhz bu ölkə nəzarət edir. Belə olan halda dolları qızıla dəyişmək niyyəti Moskvanın qapalı iqtisadiyyat yaratmaq cəhdi kimi qiymətləndirilməlidir.
Amma Moskva unutmamalıdır ki, indiki dövrdə qapalı iqtisadiyyat yaratmaq mümkünsüzdür. Çünki nə qədər çabalasalar da, özlərinə, əhalisinə lazım olacaq bütün malları, xidmətləri daxildə istehsal edə bilməyəcəklər”.

Qeyd edək ki, Almaniyanın “Die Welt” nəşrinin məlumatına görə, Rusiya Qərblə münasibətlərdə artan gərginlik fonunda iqtisadiyyatının dollar hegemonluğundan qurtulması planını həyata keçirir və məhz buna görə də ABŞ dövlət istiqrazlarını sataraq qızıl alır.

Amerikalı ekspert Ceyms Rikardsın iddiasına görə isə qızıl qarşıdan gələn sanksiyalara davam gətirmək üçün ideal sərmayədir. Bu fonda aldığı qızıl hesabına hazırda Rusiyanın qızıl ehtiyatı 2170 tona çatıb.

ELÇİN

www.yenicag.az

4693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv