!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət müstəqilliyinin bərpasından ötən 30 İL: Əsrin üçdə birinə sığan amansız sınaqlardan necə çıxdıq?

!Reklam – Yazi

Azərbaycan bu il daha bir müstəsna tarixi əhəmiyyət daşıyan hadisənin – ölkənin dövlət müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümünü qeyd edəcək. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1920-ci il aprelin 27-də bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra heç vaxt səngiməyən milli-azadlıq mübarizəsinin yekununda 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasına nail oldu. Bununla da 1918-ci il mayın 28-də yaradılan və mürəkkəb tarixi-siyasi şəraitdə mövcudluğunu cəmi 23 ay qoruya bilən Cümhuriyyətin varisi olaraq, Azərbaycan Respublikası müstəqil ölkələrin sırasında öz yerini tutdu.

Amma mütləq qeyd olunmalıdır ki, dövlət müstəqilliyinin bərpası son dərəcə ağır və ardıcıl, o cümlədən, on minlərlə soydaşımızın öz canından keçdiyi mübarizə sayəsində gerçəkləşdi. Aprel işğalından sonra təqribən 70 il davam etmiş sovet işğal rejiminin qanlı repressiya maşını millətin aparıcı ziyalı təbəqəsini bir neçə nəsil üzrə məhv edib sıradan çıxardı, Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talandı, milli-mənəvi və dini dəyərləri daim təzyiq altında qaldı, millətə qondarma ad “qoyuldu”, əlifbası dəfələrlə dəyişdirildi, assimlyasiyaya uğraması üçün bütün vasitələrə əl atıldı. Bütün bu cəhdlərə baxmayaraq, millət nəinki öz kökündən qopdu, əksinə, azadlıq hissini daim yaşadaraq nəsildən nəsilə ötürdü.

Ötən əsrin 80-ci illərində keçmiş SSRİ-də başlayan yenilənmə prosesi, Çar və Sovet Rusiyasının birbaşa dəstəyilə tarixi torpaqlarımızda qurulmuş Ermənistanın Dağlıq Qarabağa yönəlik iddiasının təkrar baş qaldırması ilə Azərbaycanda milli-azadlıq hərəkatının yeni dalğası vüsət aldı. Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün başlayan ümumxalq etirazı prosesin gedişində dövlət müstəqilliyinin bərpasına hədəflənmiş milli-azadlıq hərəkatına çevrildi.

Hərəkatın sürətlə genişlənməsi, Azərbaycan Xalq Cəbhəsinin (AXC) avanqard siyasi qüvvəyə çevrilməsi fonunda millətin müstəqillik ideyalarını birmənalı qəbul etməsi mərkəzi və yerli hakimiyyətin ciddi narahatlığına səbəb oldu. Bu gedişatı dayandırmaq üçün qanlı cinayətə əl atmaqdan çəkinməyən Sovet rəhbərliyi milli-azadlıq hərəkatını boğmaq məqsədilə 1990-ci il yanvarın 20-də qanlı yanvar qətliamını törətdi. Lakin bu cinayət bütün SSRİ ərazisində mərkəzdənqaçma meyllərini daha da artırdı və “şər imperiyası”nın süqutunu xeyli tezləşdirdi.

1991-ci il avqustun 18-də SSRİ-də baş verən saray çevrilişi nəticə etibarilə Sovetlərin süqutunu yetişdirdi və İttifaqın subyekti olan sovet respublikaları bir-birilərinin ardınca öz müstəqilliklərini bərpa etdilər. Bu sırada istisna təşkil etməyən Azərbaycanın kommunist rəhbərliyi xalqın davamlı təzyiqləri qarşısında geri çəkilərək, 1991-ci il oktyabrın 18-də parlamentdə Müstəqillik Haqqında Konstitusiya Aktının qəbul edilməsilə razılaşmalı oldu.

Bununla belə, Rusiyanın dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini genişləndirməsi və Dağlıq Qarabağdakı yaşayış məntəqələrimizin işğal təhlükəsinin artması bütün diqqətin bu istiqamətə yönəldilməsini zəruri etsə də, Azərbaycanın yeni “obraz”dakı rəhbərliyi Milli Ordunun yaradılmasını ləngitməklə, gələcək məğlubiyyətlərə zəmin yaratmış oldu. Nəticədə Dağlıq Qarabağdakı kəndlərimiz işğal edildi, ermənilər Xankəndidəki Rusiyaya məxsus 366-cı motoatıcı alayın iştirakı ilə əsrin faciəsi sayılan Xocalı Soyqırımını törətdilər, alınmaz qala saydığımız Şuşa şəhəri də o ərəfədə işğal olundu. Bütün bu baş verənlər ölkədə siyasi böhranın və müəyyən qədər anarxik vəziyyətin yaranmasına gətirib çıxardı. Yeni yaradılan Silahlı Qüvvələrin bəzi bölmələrinin siyasi proseslərə qarışması səbəbindən prezident Ayaz Mütəllibov 1992-ci il martın 6-da istefa verməli oldu. Həmin il mayın 15-də Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə qayıdan Mütəllibov cəmi bir gün sonra AXC tərəfindən devrildi. Bununla da hakimiyyət AXC-nin əlinə keçdi və ölkədə təqribən 1 il davam edən, ictimai rəydə “Cəbhə iqtidarı” tanımlanan hakimiyyət formalaşdı.

AXC iqtidarının hakimiyyətdə olduğu ilk aylarda Qarabağda keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində xeyli ərazi erməni işğalından azad edilsə də, 1992-ci ilin payızında vəziyyət yenidən kəskinləşdi. Hakimiyyətin yanlış kadr siyasəti, daxili çəkişmələr və xarici təzyiqlərin artması cəbhədə davamlı uğursuzluqlarla müşayiət olundu. Yekunda bir neçə ay əvvəl azad edilmiş ərazilərimizin böyük hissəsi təkrar itirildi. 1993-cü il iyunun 4-də baş verən Gəncə qiyamı növbəti siyasi böhrana və hakimiyyət dəyişikliyinə səbəb oldu.

heyder

O günlərdə Naxçıvandan Bakıya dəvət olunan Muxtar Respublika (MR) Ali Məclisinin sədri Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi. Bundan bir neçə gün sonra prezident Əbülfəz Elçibəyin Bakıdan Kələkiyə (Naxçıvan) getməsi ilə parlamentin qərarı əsasında prezidentin səlahiyyətləri Heydər Əliyevə həvalə olundu. O, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində qalib gələrək, oktyabrın 10-də rəsmən səlahiyyətlərinin icrasına başladı. Cəbhədə uğursuzluqların davam etməsi fonunda yenidən qurulan Milli Ordunun qış hərbi kampaniyası nəticəsində bir sıra ərazilər işğaldan azad edildi. 1994-cü il mayın 12-də imzalanan Bişkek protokolu ilə cəbhədə uzunmüddətli atəşkəs elan olundu.

Bişkek protokolunun imzalanması Azərbaycan hakimiyyətinə ölkə həyatının bütün sahələrini əhatə edən böhranın aradan qaldırılması istiqamətində fəaliyyət üçün zəmin yaratdı. Məhz bundan sonra “Əsrin müqaviləsi” adlandırılan neft müqavilələri üzərində işlər sürətləndirildi və 1994-cü il sentyabrın 20-də Azərbaycanın siyasi əhəmiyyətinin və iqtisadi qüdrətinin artmasında misilsiz rol oynayan saziş imzalandı.

1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanda ilk parlament seçkiləri və Konstitusiya referendumu keçirildi. Bundan sonra Əsas Qanuna uyğun olaraq, zəruri dövlət təsisatları yaradıldı və bu çərçivədə strukturlaşma prosesi yetərincə sürətləndi. 90-cı illərin ikinci yarısında ən əhəmiyyətli hadisələr sırasında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinin həyata keçirilməsi xüsusi yer tutur. Bu müddət ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi əsasında aparılan Qarabağ danışıqlarında heç bir nəticə əldə olunmur. 1998-ci il oktyabrın 11-də keçirilmiş prezident seçkilərində Heydər Əliyev yenidən qalib gəldi.

2000-ci illərin əvvəllərində Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri daha da gücləndirilib. Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasının (AŞ) tam hüquqlu üzvü seçilərək, “köhnə dünya”ya inteqarsiya istiqamətində mühüm addım atdı. Eyni zamanda, Azərbaycan NATO ilə əlaqələrin inkişafına can ataraq, 1994-cü ildə qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramında aktiv iştirakı ilə seçildi. O cümlədən, Avropa İttifaqı (Aİ) ilə siyasi və iqtisadi əməkdaşlığınn genişləndirilməsinə yönəlik addımlar atıldı. 2002-ci il avqustun 24-də keçirilmiş Konstitusiya referendumunun nəticələrinə əsasən, Azərbaycanda proporsional seçki sistemi ləğv edildi.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində qalib gələn, 2008, 2013 və 2018-ci il prezident seçkilərinin də qalibi olan İlham Əliyev mərhum prezident Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu ardıcıllıqla davam etdirməkdədir. Bu dövrdə “Əsrin müqaviləsi” əsasında ölkəyə daxil olan irihəcmli vəsaitlər iqtisadiyyatın inkişaf etdirilməsi və miqyaslı sosial-iqtisadi layihələrin həyata keçirilməsinə imkan yaratdı. Aparılan pul islahatı Azərbaycan manatını regionun ən güclü valyutasına çevirdi. Qeyri-neft sektorunun genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və əhalinin maddi rifahının gücləndirilməsi məqsədilə bir neçə mərhələdə dövlət proqramları reallaşdırılıb. Azərbaycan fəzaya iki süni peyk göndərməklə, “kosmik dövlətlər” sırasına daxil olub. Dünya miqyasında idman dövləti imici qazanan Azərbaycanda müxtəlif nüfuzlu beynəlxalq turnirlər, o cümlədən, I Avropa Oyunları və İslamiada kimi yarışlar təşkil olunub.

İlham Əliyevin prezidentliyi dövründə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli hər zaman prioritet olub və rəsmi Bakı bu məsələdə mümkün olan qədər konstruktiv mövqe tutub. Buna baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək, cəbhə xəttində gərginliyə səbəb olan təxribatlarına ara verməyib. Ermənistanın növbəti belə bir cəhdi 2016-cı il aprel ayına təsadüf etdi. Azərbaycan tarixə Aprel döyüşləri kimi düşən həmin hərbi kampaniya zamanı Ermənistana sarsıdıcı zərbə vuraraq, düşmənin özü barəsində formalaşdırmağa çalışdığı “məğlubedilməzlik” mifini darmadağın etdi.

Ermənistanın 2020-ci il iyul 12-də Tovuz rayonu istiqamətində növbəti təxribata əl atmasından sonra cəbhədə yenidən artan gərginlik – 26 illik atəşkəsdən sonra sentyabrın 27-də müharibənin alovlanması ilə nəticələndi. 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizin böyük hissəsini, o cümlədən, Şuşa şəhərini azad etdi. 2020-ci il noyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanata əsasən, hərbi əməliyyatların dayandırılmasından sonra işğalçı erməni qüvvələri Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxarıldı. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm zəfər uzun müddət susqun vəziyyətdə qalan milli ruhun yeni oyanışına təkan verdi. Ötən əsrdə alınan məğlubiyyətin təsiri ilə yaranan və dərinləşən milli natamamlıq kompleksi tam oalaraq aradan qaldırılıb, milli həmrəylik özünün zirvə nöqtəsindədir. Bu qələbə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, Silahlı Qüvvələrimizin Vətən müharibəsində tətbiq etdiyi ən müasir texnologiyaya əsaslanan taktika dünyanın aparıcı dövlətləri tərəfindən diqqətlə öyrənilməkdədir. Azərbaycanın hərbi qələbəsinin əhəmiyyəti ölkənin ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bu uğur regionda yeni düzənin yaranması və çoxtərəfli iqtisadi əməkdaşlığın qurulması ilə nəticələnib.

Əlbəttə ki, bu uğurların kökündə Azərbaycanın dövlət müstəqilliyinin qazanılması dayanır. Çünki müstəqillik olmadan beynəlxalq arenada “oyunçu”ya çevrilmək və öz maraqlarını xarici təhdidlərdən qorumaq mümkün deyil. Azərbaycanın ümumi inkişaf yolunda ən böyük əngəlin – işğal faktının aradan qaldırılması ölkənin yeni uğurlarının zəmini kimi qiymətləndirilir və şübhə yoxdur ki, bu imkandan maksimum istifadə olunacaq.

Araz Zeynalov

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

www.yenicag.az

3126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv