!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət orqanları ilə medianın ƏMƏKDAŞLIĞI: Qanunvericilik bazasının təkmilləşdirilməsi buna necə təkan verir? – TƏHLİL

!Reklam – Yazi

Azərbaycanda medianın inkişafı yönündə atılan addımlar müxtəlif istiqamətləri əhatə edir və əməkdaşlıq imkanlarını genişləndirir.

Son illərdə ölkə mediasının inkişafına hədəflənmiş fəaliyyət KİV orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, media quruluşlarının fəaliyyətinin təkmilləşdirilməsinə də ciddi təkan verib. İstər elektron, istərsə də çap mediasını əhatə edən bu dəyişikliklər nəticə etibarilə, bu seqmentin inkişafında davamlılığın təmin edilməsi üçün əlverişli zəmin yaradıb.

Bununla yanaşı, media sahəsində həyata keçirilən dəyişikliklər həm də çox mühüm bir məsələnin – mətbuat orqanları ilə dövlət qurumları arasında münasibətlərin nizamlanması və eyni zamanda, əməkdaşlıq imkanlarından səmərəli istifadə edilməsi üçün mövcud maneələrin həllinə imkan yaratdı. Əgər yaxın keçmişdə jurnalistlər bir sıra dövlət qurumlarından informasiya almaqda ciddi çətinliklərlə üzləşirdilərsə, artıq bu barədə daha müsbət tonda danışa bilərik.

Hazırda qəti şəkildə deyə bilərik ki, hər hansı dövlət qurumu artıq mətbuatla əlaqələrdən nəinki yayınmır, əksinə, jurnalistlərlə əlaqələrin qurulmasında və informasiyaların çatdırılmasında, yayılmasında maraqlı tərəf kimi çıxış edir.

Digər tərəfdən, istər media orqanlarının, istərsə də dövlət qurumlarının sosial şəbəkələrdən informasiya mübadiləsi prizmasından səmərəli əlaqələr qurmaları və zəruri məlumatları operativ qaydada ictimaiyyətə çatdırmaq praktikasının yayğınlığı öz effektivliyini göstərməkdədir.

Azərbaycanda medianın inkişafı, həmçinin dövlət qurumları ilə mətbuat orqanları arasında əməkdaşlığın vəziyyətini Yenicag.az-a şərh edən media eksperti Aydın Quliyev bildirib ki, təkmilləşdirilən qanunvericilik bazasına uyğun olaraq dövlət orqanları özlərinin əsas funksiyaları ilə bağlı işgüzar informasiyaların daim media orqanlarına ötürülməsində maraqlıdırlar:

“Azərbaycanda söz, mətbuat azadlığının və plüralizmin dərinləşdirilməsi ölkədə 1993-cü ildən indiyə qədər aparılan fasiləsiz siyasi islahatların mühüm tərkib hissəsi, eyni zamanda, demokratik, sosial dövlət quruculuğu yolunda əsası Konstitusiya və qanunlarla müəyyənləşdirilən hədəf kimi qiymətləndirilməlidir.

Həqiqətən, əgər ölkə demokratik quruculuq yolu ilə gedirsə, onun ən mühüm prinsipləri sırasında söz və media azadlığı mühüm yer tutur. Dünya təcrübəsi praktik şəkildə sübut edib ki, bu cür azadlıqlar və həqiqi plüralizm olmayan ölkələrdə nə siyasi sistem təkmilləşə bilir, nə də sosial-iqtisadi inkişafa yönəlik hədəflərə yetişmək olur.

Bu baxımdan, Azərbaycanın Konstitusiyasında və qanunlarında azadlığın ən müxtəlif formalarının inkişaf etdirilməsi ilə bağlı praktik mexanizmlər müəyyən edilib. Ölkəmizdə söz və media azadlığının inkişaf etdirilməsi prosesi dövlətin tam himayəsi və dəstəyi altında aparılır. Maraqlıdır ki, bu istiqamətdə dövlətin siyasəti və ictimai yanaşmalar, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir-birini demək olar ki, tamamlayır.

Yəni söz və media azadlığının inkişaf etdirilməsi üçün dövlətin siyasəti və ictimaiyyətin yanaşması, həmçinin vətəndaş institutunun fəaliyyəti qarşılıqlı surətdə bir-birini tamamlayır. Ölkədə media və söz azadlığının inkişafını əsasən iki istiqamətdə nəzərdən keçirmək olar. Həm bu yöndə aparılan islahatları, həm də həyata keçirilən siyasəti şərti olaraq iki istiqamət üzrə qruplaşdırmaq mümkündür.

Birinci istiqamət kimi söz və media azadlğının inkişaf etdirilməsinin qanunvericilik bazasının təkmilləşdirilməsi qeyd oluna bilər. Bu, olduqca vacib məsələdir. Çünki həmin sahədə nəzərdə tutulan nəticəni əldə etmək üçün ən effektli çərçivəni müəyyən edir və onu dövlətin timsalında güclü bir himayə altında olduğunu hər kəsə nümayiş etdirir.

İkincisi isə media və söz azadlığının praktik inkişafı istiqamətində həyata keçirilən işlər də qeyd edilməlidir. Azərbaycan mediasının fəaliyyətində dövlət orqanları ilə keçilməz sədlərin olduğu bir dövr yaşanıb. Hətta qanuni yolla informasiya əldə olunması məsələsində media ilə dövlət qurumları arasında ciddi baryerlər vardı. Bu da bir tərəfdən informasiyaların mükəmməl qaydada istehsal edilməsinə mane olur, digər tərəfdənsə ölkənin ümumi informasiya təminatı sisteminə ziyan vururdu.

Açıq deyək ki, informasiya təhlükəsizliyi adlandırılan vacib bir problemin daim aktuallığını saxlamasına, həm də müəyyən hallarda onun kəskinləşməsinə şərait yaradırdı. Ona görə də dövlət qurumları və məmurlarla media orqanları arasında işgüzar əməkdaşlığın başlamasına imkan verən yeni rəsmi normativlər yaradıldı. Məhz o normativlərə uyğun olaraq dövlət orqanları özlərinin əsas funksiyaları ilə bağlı işgüzar informasiyaların daim media orqanlarına ötürülməsində maraqlıdırlar.

Bu əməkdaşlıq dövlət orqanlarına öz fəaliyyəti ilə bağlı ictimaiyyəti müntəzəm məlumatlandırmaq imkanı yaratmaqla yanaşı, həm də bu seqmentlərlə əməkdaşlıq çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirir. Hesab edirəm ki, mövcud şəraitdə atılan addımlar və qəbul edilən sənədlər fonunda bu əməkdaşlığın dərinləşdirilməsi prosesinin dönməzliyi açıq görünməkdədir. Yaranmış vəziyyətdə bunun üçün tam əlverişli zəmin formalaşıb”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

301
Ads
www.veteninfo.com
!Reklam – Arxiv