“Problemin həlli üçün ya əlavə mənbə tapılmalı, ya da qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir”.
Bu fikirləri dövlət tərəfindən ödənilən dəfn müavinətinin hansı vətəndaşlar üçün nəzərdə tutulduğuna aydınlıq gətirən Əmək Hüquqlarının Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, mövcud qanunvericiliyə əsasən, işləməyən, pensiya almayan və ünvanlı sosial yardım almaq üçün müvafiq tələblərə cavab verməyən vətəndaşlar vəfat etdikdə, onlar üçün dəfn müavinəti ödənilmir:
“Sığorta ödənişi etməyən, yaxud sığortalanmayan şəxslər üçün həmin vəsait ayrılmır. Dəfn müavinəti işləyən şəxs üçün fəaliyyət göstərdiyi müəssisədən, təqaüdçülər üçün isə Dövlət Sosial Müdafiə Fondundan ödənilir.
Ancaq dövlətdən heç bir müavinət almayan, pensiyası olmayan, işləməyən, bir sözlə, sığorta ödənişinin subyekti olmayan vətəndaşların heç birinə dəfn müavinətinin ödənilməsi nəzərdə tutulmayıb.
Ancaq bu sahədə çox ciddi problemin olduğu da qeyd edilməlidir. Çünki dəfn müavinəti ödənişinə uyğun gəlməyən vətəndaşların ailələri arasında həmin məbləğə həqiqətən, ehtiyacı olanlar var. O baxımdan, problemin həlli üçün ya əlavə mənbə tapılmalı, ya da qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az