Artıq bir neçə ölkədə mümkün su qıtlığına qarşı vacib işlər görülməyə başlanılıb. Xüsusən də Qazaxıstanda suya qənaət məqsədilə yeni tarif siyasəti tətbiq ediləcək. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentdə çıxış edərkən deyib. O bildirib ki, sənayeni inkişaf etdirmək üçün Su Təsərrüfatı və Suvarma Nazirliyi formalaşdırılacaq.
Bəs Azərbaycanda bu yöndə hansı işlər görülür?
“Həm suvarmada, həm də içməli su sektorunda su itkilərinin qarşısının alınması istiqamətində ölkəmizdə işlər görülür. Artıq ənənəvi suvarmadan müasir suvarma metodlarına keçid təmin edilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.
O, Xəzərin suyunun təmizlənməsinin Azərbaycan üçün böyük imkanlar vəd etdiyini bildirib:
“Xəzərin suyunun təmizlənməsi, duzsuzlaşdırılması Azərbaycan üçün çox böyük imkanlar vəd edir. Çünki Abşeron yarımadasının öz su mənbələri yoxdur. Əgər Xəzərin suyu Abşeron yarımadasında həm suvarma üçün, həm də əhaliyə və istehsal müəssisələrinə çatdırılarsa bu, digər regionlara olan yükün qarşısını da alacaq.
Bilirik ki, Abşeron yarımadasına su əsasən Samur, Kür çaylarından, eləcə də Oğuz və Qəbələdən gətirilir. Bu isə həmin rayonlarda da suyun çatışmazlığı deməkdir.
Su qiymətlərinin tənzimlənməsinə gəldikdə, hesab edirəm ki, su qiymətlərində diversifikasiya aparılmalıdır. Bu həm istehsal sahələri üzrə, həm də ərazi üzrə aparılmalıdır. İstehsal sahələri üzrə artıq bu var. Bunu bir qədər də tənzimləmək olar.
Ərazi üzrə diversifikasiyaya gəldikdə, hesab edirəm ki, Abşeron yarımadasındakı suyun qiyməti ilə Quba rayonundakını bir tutmaq olmaz. Çünki Abşeron yarımadasında əhaliyə suyun verilməsi daha çox xərc tələb edir. Ona görə də öz su mənbəyi olmayan yerlərdə suyun qiymətinin baha olması başadüşüləndir.
Belə bir nəzəri yanaşma var ki, əgər su qiymətləri kifayət qədər yuxarı olsa, bu zaman su istehlakçılarında qənaətə təşəbbüs yaranacaq və bu da suyun hamıya çatmasına səbəb olacaq. Amma proses elə icra edilməlidir ki, əhalinin kasıb hissəsi bundan əziyyət çəkməsin.
Həm suvarmada, həm də içməli su sektorunda su itkilərinin qarşısının alınması istiqamətində ölkəmizdə işlər görülür. Artıq ənənəvi suvarmadan müasir suvarma metodlarına keçid təmin edilir”.
Sadiq Cavadov
www.yenicag.az