“Şuşada keçirilən gözəl festivalın məstliyindən ayılıb ciddi addımlar atmalıyıq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın haqsız olduğu Qaragöl insidenti ilə bağlı səs-küy saldığı halda, Azərbaycanın bu məsələdə susqunluq sərgiləməsini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, MDB üzvü olan Tacikistanın prezidenti İmaməli Rəhman sərhədlərin dəqiqləşdirilməsi məsələsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gündəminə çıxarılacağına söz verib:
“Azərbaycan bununla əlaqədar İmaməli Rəhmanla danışmalıdır. Fransa prezidenti Makron məsələni BMT-nin Təhlükəsizlik Şurasıda qaldırmağa cəhd edir. ABŞ-dakı erməni lobbisi məcbur edir ki, Baydenin müşaviri Azərbaycan prezidenti İlham Əliyevlə danışsın. Erməni həyasızlığının həddi-hüdudu yoxdur, onlar baş verən hadisələri tamamilə başqa donda təqdim edirlər.
Qaragöl ərazisi Azərbaycana məxsuis olub. Sonra isə məlum ərazilərimizlə birlikdə işğala məruz qalıb. Şuşada gözəl bir festival keçirdik. Hər kəs məst olub. Lakin bu məstlikdən ayılmaq lazımdır. Xarici İşlər Nazirliyinin bütün aparatı bu işə qoşulmalıdır.
Müdafiə nazirinin özü, Dövlət Sərhəd Xidməti öz xətti ilə bu işlə məşğul olmalıdırlar. Bütün diplomatik nümayəndəliklər bir yerə yığılmalı, onlara sənədlərlə, faktlarla məsələni izah etmək lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi yönündə Ermənistan tərəfi öhdəlik götürüb və onu yerinə yetirməlidir. Lazım olsa, konsaltinq şirkətləri işə cəlb edilməli, məsləhətlər verilməlidir.
Azərbaycan ordusu hücum etməyib, güllə atmayıb, kimisə öldürüb-yaralamayıb. Sadəcə olaraq, sərhəddəki mövqelərimizdə oturub. Kiminsə qulağı-başı kəsilməyib, Makron da sağ-salamatdır, Bayden də başa düşdüyünü də danışır, düşmədiyini də. Qoca kişidir.
İndi Azərbaycanı təkləmək cəhdi var. Xristian təəssübkeşliyindən irəli gələrək Azərbaycanın üstünə gəlirlər. Diaspor Komitsənin sədr müavini Gürcüstana gedib. Niyə sədr özü getmir? Bu qurumun fəaliyyəti yox dərəcəsindədir. Nə Gürcüstandakı olaylara, nə də Qaragöl ətrafında baş verənlərə reaksiya verə bilmirlər. Dövlət qurumları hər iki məsələdə tam gücləndirilmiş işə keçməlidir. Yoxsa bəzi məsələlər çox gec olacaq”.
Səxavət Məmməd
www.yenicag.az