“NATO-Rusiya müharibəsinin olma ehtimalı hər keçən gün güclənir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Fransa prezidenti Makronun nüvə silahından istifadənin müzakirə edilməsini tələb etməsi, dünyada nüvə təhlükəsinin olmasını şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, Rusiya-NATO müharibəsinə hazırlıq gedir.
“Uzun müddətdir ki, ayrı-ayrı ölkələrin öz daxilində müzakirələr gedir. Bu da onunla əlaqədardır ki, Rusiya prezidentindən tutmuş ətrafındakı adamların hamısını nüvə silahından istifadə edəcəklərini deyirlər”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın nüvə təhdidindən ehtiyat edirdi.
“Artıq ABŞ Ruminiyada, Finlandiyada nüvə silahını yerləşdirib. ABŞ Rusiyanı özünün nüvə ehtiyatları ilə sanki dairəyə alıb. Makrona çox da ciddi yanaşmılar, ancaq onun bu tələbi nüvə silahından istifadənin hər an gündəmə gələ biləcəyi ilə bağlıdır. Müharibənin miqyasının genişlənməsi bir müddət sonra NATO Rusiya müharibəsinin olma ehtimalını gücləndirir”, politoloq bildirib.
Q.Hüseynli qeyd edib ki, NATO Rusiya qarşı, Rusiya da NATO-ya qarşı müharibəyə hazırlaşır:
“Görünür ki, Ukrayna-Rusiya savaşı adi silahlar savaşından birdən nüvə savaşına çevrilə bilər və buna hazırlıq gedir.
Rusiya nə qədər nüvə silahından danışsa da, ABŞ və NATO-nun nüvə silahları daha çoxdur. Ona görə də, Rusiyanın birinci nüvə silahından istifadə edəcəyini zənn etmirəm”.
Səxavət Məmməd
www.yenicag.az