Dünyanın ən böyük zavodlarından birində dəhşətli partlayış: İtkin düşənlər axtarılır
Çinin şimalındakı Daxili Monqolustan muxtar bölgəsində yerləşən nəhəng polad zavodunda güclü partlayış baş verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar günü yerli vaxtla saat 15:00 radələrində Baotou şəhərində qeydə alınıb. Partlayış dövlətə məxsus “Baogang United Steel” şirkətinin nadir torpaq elementləri və polad lövhə istehsalı fabrikində baş verib. Partlayışın gücü o qədər dəhşətli olub ki, səmaya nəhəng tüstü sütunları ucalıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri darmadağın olub.
Fövqəladə Hallar İdarəsinin məlumatına görə, xəstəxanaya çatdırılan 66 yaralıdan 3-nün vəziyyəti son dərəcə ağırdır; həkimlər hazırda onların həyatı uğrunda mübarizə aparır. İtkin düşən 5 işçinin tapılması üçün əraziyə yanğınsöndürənlər, polis və xüsusi tibbi bölmələr cəlb edilib. Axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir.
Faciənin miqyası nəzərə alınaraq, bölgənin ali rəhbərliyi prosesi birbaşa nəzarətə götürüb. Partiya katibi Vanq Veyçonq və hökumət sədri Bao Qanq hadisə yerinə gələrək xilasetmə işlərini koordinasiya edirlər.
Vanq Veyçonq yaralıların müalicəsi, ikinci dərəcəli risklərin qarşısının alınması və qəzanın səbəblərinin dərhal müəyyən edilməsi ilə bağlı sərt tapşırıqlar verib. O, həmçinin bütün sənaye müəssisələrində təhlükəsizlik yoxlamalarının aparılmasını tələb edib.
Qeyd edək ki, “Baogang United Steel” dünyanın ən böyük dövlət müəssisələrindən biridir. Bu müəssisəni qlobal miqyasda unikal edən əsas cəhət polad istehsalı ilə nadir torpaq resurslarının inteqrasiya olunduğu tək mərkəz olmasıdır. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.
Sona Əliyeva












