Dünyanın gözü Cenevrədə: Rusiya, ABŞ və Ukrayna arasında həlledici raundun tarixi AÇIQLANDI
Rusiya, ABŞ və Ukrayna arasında davam edən böhranın həlli istiqamətində keçirilən üçtərəfli danışıqların üçüncü mərhələsinin vaxtı və məkanı məlum olub.
Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, tərəflər 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində yenidən masa arxasına əyləşəcəklər. Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək. Qeyd edək ki, əvvəlki iki raund (23-24 yanvar və 4-5 fevral) BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş tutmuşdu.
“Bloomberg”in Moskvanın ABŞ-a yeni iqtisadi plan təklif etməsi ilə bağlı xəbərinə münasibət bildirən Peskov, əməkdaşlığa hazır olduqlarını təsdiqləyib:
“Əlbəttə, biz əməkdaşlıq təklif edirik. Hər iki ölkənin biznes dairələri buna böyük maraq göstərir. Lakin Ukrayna böhranı həll olunmayana qədər konkret nəticələrdən danışmaq qeyri-mümkündür.”
Peskov həmçinin Rusiyanın Qəzzada atəşkəs prosesi çərçivəsində yaradılan “Sülh Şurası”nda iştirak ehtimalından da danışıb. O bildirib ki, Rusiya ABŞ-da dondurulan aktivlərinin 1 milyard dollarını bu şuraya bağışlamağı təklif edib, lakin hələlik yekun qərar verilməyib.
Yenicag.az













