!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əbu Məhəmməd əl-Qolani: Cübbədən kostyuma – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Son günlər adından daha çox bəhs edilən şəxslərdən biri Suriyada Əsəd rejimini devirən Əbu Məhəmməd əl-Qolanidir. O, uzun müddət Suriyadakı silahlı qrupların rəhbərlərindən biri olsa da, geniş ictimaiyyət tərəfindən çox tanınmırdı. Lakin 42 yaşlı bu liderin Suriya prezidenti Bəşər Əsədə qarşı irimiqyaslı hücumlara rəhbərlik etməsi onu beynəlxalq səhnədə diqqət mərkəzinə çıxardı.

Əsl ad və dəyişən imic

Əl-Qolani dekabrın 8-də suriyalılara ünvanladığı telemüraciət zamanı “Dəməşqin fəthi”ni elan edərkən, ilk dəfə ləqəbini deyil, doğma adını – Əhməd əl-Şaraanı istifadə etdi. ABŞ tərəfindən terror təşkilatı olaraq tanınan “Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Qolani son illərdə özünü daha mülayim və praqmatik lider kimi təqdim etmək səylərini artırıb. Onun “Əl-Qaidə” ilə əlaqələrdən uzaqlaşaraq fərqli bir strategiya sərgiləməyə çalışması da diqqət çəkir.

Qolani və HTŞ-nin Əsəd rejimi sonrası Suriyada əsas aktorlardan biri olmaq arzusu ciddi maneələrlə üzləşir. Liderin başına 10 milyon dollar mükafat qoyulması və təşkilatının radikal keçmişi bu arzuların reallaşmasını çətinləşdirir. HTŞ, əsasən, sünni müsəlmanlardan ibarət olsa da, şəriət qanunları ilə idarə edilən dövlət qurmaq ideyası təşkilatı Avropa və Asiyadan gələn kiçik silahlı qruplarla yaxınlaşdırır.

Güzgüdə dəyişən lider və keçmişin yükü

Əbu Məhəmməd əl-Qolani vaxtilə əba və uzun saqqalla radikal lider imicində çıxış edirdi. Zamanla bu təsvir dəyişdi – o, hərbi uniformanı pencəklə əvəz etdi, üzünü qırxdı və Qərb mediası ilə açıq dialoqa başladı. Buna baxmayaraq, hələ də insan haqlarının pozulması və terror əlaqələri onun və təşkilatının imicinə kölgə salır.

ABŞ Dövlət Departamenti hələ 2013-cü ildə “Cəbhət ən-Nüsrə”nin kamikadze hücumlarına istinad edərək, Qolanini terrorçu kimi tanımışdı. ABŞ rəsmiləri Suriya xalqının istəklərinə uyğun gəlməyən zorakılıqların qınandığını dəfələrlə vurğulayıblar.

İdlibdən başlayan mübarizə

HTŞ-nin İdlibdəki fəaliyyəti uzun illər diqqət mərkəzində olub. Onlar Əsəd rejiminə qarşı çıxmaqla yanaşı, suriyalılara xidmət göstərən strukturlar yaratmağa çalışıbar. Əl-Qolani və HTŞ inklüzivlik və mülayimlik istiqamətində nə qədər irəliləyiş əldə etsələr də, keçmişdəki əlaqələrin və hərəkətlərin kölgəsindən çıxmaları zaman alacaq. Onların gələcəkdə Suriyanın siyasi səhnəsində legitim mövqe tutub-tutmayacağı həm daxili, həm də xarici aktorların reaksiyalarından asılı olacaq. Lakin görünən budur ki, Qolani rəhbərliyində HTŞ yeni Suriya strategiyası ilə bölgədə uzunmüddətli vətəndaş müharibəsinin qalıqlarını təmizləmək və legitimləşməyi qarşısına hədəf qoyub.

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv