Əflatun Amaşov: “Mətbuat Şurasının statusunun dəyişdirilməsi elə mahiyyət daşımamalıdır ki…”

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov APA-ya müsahibə verib.

Yenicag.az həmin müsahibəni təqdim edir:

– Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi, bununla bağlı ayrıca qanunun qəbul edilməsi barədə təklifiniz özündə nəyi ehtiva edir?
– Mən sualınıza cavabın daha əsaslandırılmış formada olması üçün bir məqam üzərində dayanmaq istərdim. Yadınızda olar, bir vaxtlar media ilə bağlı çoxsaylı məhkəmə qərarları var idi, kütləvi informasiya vasitələrinə, ayrı-ayrı jurnalistlərə iri məbləğli cərimələr kəsilirdi. Nəyə görə? Səbəblər müxtəlifdir. Əsasən medianın siyasi qütblər arasındakı mübarizədə bir növ, vasitəyə çevrildiyini bildirməliyik. Bu durum ümumən cəmiyyətə də mənfi təsirini göstərirdi. O da yaxşı yadımdadır ki, müxtəlif siyasi düşərgələrə məxsus jurnalistlər eyni məclislərdə iştirak etməyi özlərinə rəva bilmirdilər. Belə hallar çoxdan aradan qalxıb, yeni ənənələr formalaşıb. Bu gün müxtəlif məsələlərə baxış bucağından asılı olmayaraq, Azərbaycan mediası monolit komanda kimi çıxış edir. Bu, ümummilli maraqlar, ölkəmizin imicinin qorunması baxımından son dərəcə vacibdir.

Bugünün Azərbaycan mediası ümumən peşəkardır. Dünyada və ölkədə baş verən hadisə və proseslərə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. Bu isə vacib meyardır. Kimsə bu sahəni başdan-ayağa qara rəngdə görürsə, bu onun baxışı yox, çox ciddi problemidir. Təbii, biz mediamızı daha da güclü görmək istəyirik. Nöqsanları və çatışmazlıqları da bunu əldə bayraq edənlərdən yaxşı görürük. Arzu edirik ki, nəhəng media korporasiyaları ilə rəqabətimiz olsun. Medianın iqtisadi cəhətdən özünü maliyyələşdirən struktur kimi təkmilləşməsini, bazar münasibətlərində layiqli yer tutmasını istəyirik. Azərbaycan Mətbuat Şurası da ötən 15 ildə bu yolda addımladı. Media məkanında baş verən proseslərdə aktiv iştirak etdi. İnkişafa öz töhfəsini verdi. Eyni zamanda, Şuranın yerinə yetirdiyi missiya nəticəsində az əvvəl qeyd etdiyim məhkəmə proseslərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Mətbuat Şurasının tədbirləri sayəsində media peşəkarlığı məsələsinə fərqli baxış yarandı. Dövlət qurumları ilə media arasındakı problemlər aradan qalxdı, hər iki qütbün cəmiyyətin rifahı, ölkənin gələcəyi naminə fəaliyyətində ortaq nöqtələr və hədəflər formalaşdı.

Nəhayət, Mətbuat Şurası ölkə başçısı cənab İlham Əliyevin şəxsində dövlətin media siyasətinə dəstək oldu, KİV sahəsində qanunların qəbulunda, onların təkmilləşməsində pay sahibinə çevrildi. Şura bunu ictimai təşkilat olaraq etdi. Mən bunu demişəm, yenə təkrarlayıram, qurum yarananda onun sədrinin otağı birotaqlı evin mətbəxində yerləşirdi. Halbuki yuxarıda qeyd etdiklərimi nəzərə alsaq ki, MŞ-nin çiyinlərinə götürdüyü yük ağır idi. Bu ağırlıq bizim heç zaman üzərimizdən ata bilməyəcəyimiz, daşımağa bir növ məhkum olduğumuz ağırlıqdır. Bu ağırlıq, eyni zamanda, ictimai əhəmiyyət daşıyır, cəmiyyət üçün faydalı və zəruridir. Biz bu faydalı yolu ağırlıqları aradan qaldırmaq əzmimizi artırmaqla getməyi düşünürük. Mətbuat Şurası haqqında qanunun olmasının, onun hazırkı statusunun dəyişdirilməsinin fəlsəfəsi buna söykənir. Bildiyiniz kimi, Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır, 2003-cı ildə medianın özünütənzimləmə orqanı kimi formalaşıb. Özünütənzimləmənin fəlsəfəsi isə dərindir. Avropa və dünya təcrübəsində bunun müxtəlif formaları var. Azərbaycanda da Şura yaradılanda həmin fəlsəfəyə istinad edildi. Qurum mətbuatın dövlətsizləşdirilməsi xəttinə uyğun şəkildə meydana çıxdı. Yəni Şuranı jurnalistlər yaratdı və strukturunu da formalaşdırdı. Bu, çox gözəl ənənədir. Heç bir halda bu prosedurdan kənar dayanmaq olmaz. Çünki jurnalistika cəmiyyətin demokratik institutudur və ali orqan kimi ölkə jurnalistlərinin qurultayı da jurnalistikanın cəmiyyətə demokratiya mesajıdır. Təklifim ilk olaraq özündə bunu ehtiva edir ki, istənilən fərqli hüquqi statusundan asılı olmayaraq, Şura medianın özünütənzimləmə qurumu, seçkili orqan olaraq qalmalıdır. Burada qərarlar kollegial şəkildə qəbul edilməlidir.

Mən nələri düşünürəm? Düşünürəm ki, məsələni zəruri edən səbəblər yetərincədir. Əvvəla, cəmiyyət amilini vurğulamalıyam. Media ilə bağlı şikayətlər qaçılmazdır. Lap hesab edək ki, Azərbaycanın bütün media orqanları tam peşəkar şəkildə fəaliyyət göstərirlər. Şikayət olmayacaqmı? Olacaq. Baxın, Almaniya Mətbuat Şurası il ərzində 1800-2000, İsveç və Norveçdə fəaliyyət göstərən eyni adlı qurumlar 500-600 şikayətə baxır. Böyük Britaniyada isə bu rəqəm 30 minə yaxındır. Azərbaycanda bu baxımdan hazırda nisbətən kiçik göstərici var. Məsələn, 2017-ci ildə Şuraya 374 şikayət olmuşdu ki, bunun da 203-ü şifahi, 171-i yazılı şikayət idi. Ancaq daha əvvəlki illərdə təxminən 500-600, bəzən bir qədər də çox şikayət qeydə alınıb. Sözüm ondadır ki, cəmiyyətin maraqlarının daha ardıcıl şəkildə qorunması vacibdir. Mətbuat Şurası bir institut kimi bu missiyanı yerinə yetirir. Həm medianın, həm də cəmiyyətin maraqlarını balanslı şəkildə təmin edir.

Növbəti məqam medianın özü ilə bağlıdır. Yuxarıda da qeyd etdim ki, Şura yaranmazdan öncə media ilə bağlı məhkəmə proseslərinin sayı həddən artıq çox idi. Bundan jurnalistlər ziyan çəkirdi. Biz bu fikirdəyik ki, media ilə bağlı mübahisələr hər zaman media müstəvisində həllini tapsın, məhkəmələrə daşınmasın. Hüquqi statusunun necə olmasından asılı olmayaraq, Şuranın mahiyyətində bu amil dayanır. Təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, media cəmiyyətlə daha çox təmasda olduğu üçün bu sahədən narazılıqların mövcudluğu təbiidir. Ancaq bu təbiilik məhkəmələrin yüklənməsinə gətirib çıxara bilər. Əsas olan medianın və media ilə birgə cəmiyyətin də marağının daha səmərəli şəkildə qorunmasıdır.

– Mətbuat Şurası ictimai təşkilat olduğundan “reket jurnalistika” və digər məsələlərlə bağlı bəzən müvafiq addımlar atmağın mümkün olmadığını bildirmisiniz. İctimai təşkilat olan Mətbuat Şurasına qanunla digər ictimai təşkilatlardan fərqli səlahiyyət verilməsi nə dərəcədə mümkündür?
– Bəli, bu məsələ də var. Ancaq gəlin, bir qədər geniş yanaşaq. Mətbuat Şurası mahiyyətcə həm də medianın saflaşmasına çalışan qurumdur. Bir qədər öncə qəzet və sayt bolluğundan danışdıq. Bu, Azərbaycanda media fəaliyyəti üçün yaradılan münbit şəraitin nəticəsidir. Hər kəs qəzet və sayt açıb ona rəhbərlik edə bilər. Ancaq biz bunun mənfi cəhətlərini görürük. Şəraitin münbitliyi heç də hər kəs tərəfindən söz və ifadə azadlığının gerçək mahiyyətinə adekvat şəkildə dəyərləndirilmir. Çoxsaylı sui-istifadə halları var. Bundan ziyanı isə cəmiyyət çəkir. Cəmiyyətlə birgə media da zərər görür. Cəmiyyət-media təması kimlərəsə görə pozulur. Birincinin ikinciyə inamı azalırsa, dövlətə inamında da şübhələr yaranacaq. Bu, zəncirvari prosesdir.

Bəzən olur, müəyyən əks fikirlərlə rastlaşırıq. Deyirlər ki, “reket jurnalistika” adlı bir şey yoxdur, ya reket var, ya jurnalist. Bəli, bu fikirlərlə müəyyən qədər razıyam. Hüquqi baxımdan “reket” sözünün daşıdığı mahiyyət ayrıdır, jurnalist adının daşıdığı mahiyyət ayrı. Əgər kimsə reketçiliyi jurnalistikadan istifadə edərək həyata keçirirsə, demək ki, jurnalist deyil, cinayətkardır. Bu, məsələyə birbaşa baxışdır. Ancaq gəlin, bir az da fərqli rakursdan yanaşaq. Azərbaycanda həyata keçirilən dövlət siyasətində jurnalistika əlahiddə qəbul edilən sahədir. Ona görə ki, bu sahə söz və ifadə azadlığı baxımından strateji əhəmiyyət daşıyır. Hər bir dövlət kimi, Azərbaycan dövləti də çalışır ki, mövcud istiqamətdə bütün yolları rəvan etsin. 1998-ci ildə senzuranın aradan qaldırılması, sonra Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, medianın özünütənzimləmə qurumu kimi Mətbuat Şurasının yaradılması mütərəqqi mahiyyətdən irəli gəlirdi. Bu mahiyyət əsla dəyişə bilməz. Çünki Azərbaycanın bəlli demokratik yolu var. Söz azadlığı bu yoldakı mühüm dəyərlərdən biri və deyərdim ki, başlıcasıdır. Az əvvəl də qeyd etdim, təcrübə göstərdi ki, əlverişli media mühitindən sui-istifadələr var. Belədə idarəçilikdə problemlər yaranır. Bəli, sui-istifadə edən mediadır, yaxud özünü media orqanı kimi təqdim edənlərdir. Əgər Şura olmasaydı, təbii ki, onlar media deyil, birbaşa cinayətkar kimi qəbul ediləcəkdilər və barələrində inzibati tədbir görüləcəkdi. Amma media ilə bağlı məsələləri araşdıran Mətbuat Şurası var və Mətbuat Şurası təkcə ona görə mövcud deyil ki, “reket jurnalistika” ilə məşğul olsun. Az əvvəl qeyd etdim və konkret misallar çəkdim ki, bütün cəmiyyətlərdə mediadan şikayətlər var. Ancaq iş elə gətirib ki, biz həm də sui-istifadələrə qarşı mübarizə aparırıq və bu kimi hallar bütövlükdə cəmiyyətin problemidir. Əlbəttə, bütün problemlərin zaman adlı əlacı da var. Amma biz nəyisə gözləyə bilmərik. Bəli, Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizəsi ictimaiyyətin məsələyə diqqətini cəlb etmək məqsədi daşıyır. Sualınızda səslənən məqam bir elementdir. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi yalnız “reket jurnalistika” ilə mübarizə üçün lazım deyil. O ki qaldı ictimai təşkilat olan Mətbuat Şurasının digər ictimai təşkilatlardan fərqlənməsinə, mən məsələni belə qoymazdım. Təklif etmişəm ki, Mətbuat Şurasının hüquqi statusu dəyişdirilsin. Hüquqi status dəyişdirilirsə, qurum missiyasından uzaqlaşmaya da bilər, müstəqilliyini də itirməz. Güman edirəm ki, vurğulanmalı başlıca məqam budur.

– Dünya təcrübəsində Azərbaycan Mətbuat Şurasının hazırkı statusundan üstün statusa malik Mətbuat Şurası varmı?
– Zənnimcə, söhbət üstünlükdə deyil. Əsas olan fəaliyyətin mexanizmindədir. Ümumən onu deyim ki, dünyada ilk Mətbuat Şurası 1916-cı ildə İsveçdə yaranıb. Sonra başqa ölkələrdə oxşar qurumlar formalaşmağa başlayıb. Məsələn, hazırda Danimarkada, Lüksemburqda və Litvada Mətbuat Şuralarının iş prinspi xüsusi qanunlarla tənzimlənir. Avstriyada Mətbuat Şurasının maliyyəsinin yüz faizi dövlət tərəfindən ödənilir. Demək, burada da qanuni mexanizmə söykənmə var. Almaniyada, Finlandiyada və Belçikada şuraların fəaliyyətinin əsas hissəsini dövlət yardımları təşkil edir. Avropadakı mətbuat şuralarının bəzilərinin büdcələri mübahisədə uduzan tərəfin ödədiyi cərimələr hesabına müəyyənləşdirir. Məsələn, İsveçdə Mətbuat Şurasının büdcəsinin 20 faizi mediaya tətbiq edilən cərimələrdəndir. Kanadada mediadan şikayət verən tərəf məsələyə baxma prosedurunun haqqını ödəyir ki, bu da ölkədəki Mətbuat Şurasının büdcəsinin formalaşmasında vasitədir. Yeri gəlmişkən, bir qədər də dünyada medianın özünütənzimləmə orqanlarının büdcə göstəriciləri barədə məlumat verim. Britaniyadakı qurumun büdcəsi 3 milyon avroya yaxındır. Norveçdə bu rəqəm 850 min, Almaniyada 700 min, İsveçdə 600 min avro civarındadır. Bu təbii ki, keyfiyyətə də təsir göstərən kifayət qədər ciddi faktordur. Göründüyü kimi, müxtəlif formalar var. Düşünürəm ki, əsas məsələ cəmiyyət və medianın maraqlarından irəli gələn daha faydalı mexanizmin seçilməsidir.

– Mətbuat Şurası ictimai təşkilat statusunu dəyişməsini təklif edirsinizsə, bu halda Mətbuat Şurası hansı statusda olmalıdır? Bu, o anlama gəlirmi ki, mətbuatın tənzimlənməsi ilə məşğul olacaq, keçmiş Mətbuat və İnformasiya Nazirliyi kimi, dövlət qurumunun yaradılmasını vacib sayırsınız? Ümumiyyətlə, Mətbuat Şurası ilə bərabər KİV-in tənzimlənməsi sahəsində yeni bir dövlət qurumunun yaradılması lazımdırmı?
– Ümumən media sahəsini tənzimləyən hansısa dövlət qurumunun yaradılması əsla yolverilməzdir. Bu, geriyə addım olar. Nə də Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi elə mahiyyət daşımalıdır ki, təşkilat dövlət qurumuna çevrilir. Bəli, Mətbuat Şurasının fövqündə durduğu dəyərlər dövlətimiz üçün də əhəmiyyətlidir. Bu əhəmiyyətliliyə adekvat münasibət olmalıdır. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi məsələsi diskussiyaya açıq mövzudur. Bəli, mən deputat kimi parlament kürsüsündən məsələni qaldırmışam. Ancaq mövcud istiqamətdə müzakirələr getməli, fikir və rəylər ətraflı öyrənilməlidir. Çünki hər bir halda məsələ həssasdır. Hələ indiki durumda Mətbuat Şurasını az qala dövlət təşkilatı kimi qələmə verib mürtəcelik axtaranlar var. Düşünürəm ki, belələri özlərinin siyasi məqsədləri naminə daha da aktivləşəcəklər. Önəmli olan kimlərinsə nəyisə düşünməsi yox, media ictimaiyyətimizin rəyidir.