Əfqanıstanı tərk etməyə çalışan “Amerikanın adamları” – 250 min nəfər gözləyir

ABŞ hərbçiləri ilə bu və ya başqa formada əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşlarının sayı açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ ilə əməkdaşlıq etmiş 250 min əfqan Kabildən evakuasiya olunmağı gözləyir.

Bu barədə məlumatı Hərbi Dövrün Müttəfiqləri Assosiasiyası açıqlayıb.

Assosiasiyanın ekspertləri Amerika Universitetinin mütəxəssisləri ilə birlikdə Əfqanıstanı tərk edəcək əhalinin mümkün sayını hesablayıblar. Onlar apardıqları tədqiqatda ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda əmək fəaliyyətinin vəziyyətinə dair illik hesabatlarına əsaslanırlar. Ekspertlərin fikrincə, Əfqanıstanı tərk etməyə hazırlaşan şəxslərin sayı hazırda təqribən 250 min nəfərdir və bu rəqəm tam dəqiq deyil.

Məlumata görə, ölkəni tərk etməyə can atanlar, əsasən, ABŞ hərbçiləri ilə əməkdaşlıq etmiş tərcüməçilər, müşavirlər, aşpazlar və başqa peşə sahibləridir. Onlar ölkədə qalacaqları təqdirdə, “Taliban” hökuməti tərəfindən cəzalandırılacaqlarından qorxurlar.